Azərbaycan ilə Türkiyə arasında əlaqələrin əsasında minilliklərə söykənən ortaq tarix, mədəniyyət, din və dil birliyi dayanır. Bu münasibətlər zamanın sınaqlarından keçərək, dostluqdan müttəfiqliyə doğru təkamül edib. Bu gün bu münasibətlərin ən ali təzahürü 2021-ci il iyunun 15-də Qarabağın tacı olan Şuşada imzalanan Şuşa Bəyannaməsidir. Bu mühüm sənədin imzalanmasından dörd il ötür və bu müddətdə Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən güclü və sarsılmaz mərhələsinə qədəm qoyub. Tarixi sənədin imzalanması həm simvolik, həm də strateji baxımdan mühüm əhəmiyyətə malik idi. Müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra Şuşada imzalanan Bəyannamə yalnız diplomatik sənəd deyil, həm də Qarabağda bərqərar olan ədalətin, bölgədə yaranan yeni geosiyasi düzənin və türk dünyasının inteqrasiyasının real təzahürüdür. Şuşa Bəyannaməsi, eyni zamanda, Azərbaycanın öz tarixi torpaqları üzərində suverenliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri hüquqi müstəviyə keçirməsinin rəmzidir.
Bəyannamə, adından da göründüyü kimi, Azərbaycan və Türkiyə arasında artıq müttəfiqlik münasibətlərinin rəsmi sənədə çevrildiyini bəyan edir. Bu sənəddə yer alan müddəalar hərbi-siyasi əməkdaşlıqdan tutmuş iqtisadi, nəqliyyat, energetika, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı dəstəyə və birgə fəaliyyətə zəmanət verir. Ən önəmlisi isə odur ki, sənəddə iki ölkə ərazi bütövlüyünə, suverenliyinə qarşı təhdidlər olacağı təqdirdə bir-birinə dəstək verəcəklərini beynəlxalq hüquqa əsaslanaraq təsdiqləyiblər. Bu isə bölgədə sabitliyin və təhlükəsizliyin təminatıdır. Prezident İlham Əliyevin Bəyannamənin imzalandığı gün söylədiyi fikirlər bu sənədin əhəmiyyətini dəqiq ifadə edir: “Bu gün imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və sənədə imza atması isə qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin ən bariz göstəricilərindən biridir. Ərdoğan bu sənədi “gələcək nəsillərə örnək” adlandıraraq vurğuladı ki, Azərbaycan-Türkiyə qardaşlığı yalnız bu gün üçün deyil, bütün türkdilli ölkələrin gələcəyi üçün mühüm yol xəritəsidir.
Bəyannamənin siyasi mahiyyəti ilə yanaşı, iqtisadi və praktiki əhəmiyyəti də az deyil. Sənəddə Zəngəzur dəhlizinin açılması xüsusi vurğulanır. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasında quru yol bağlantısını təmin etməklə yanaşı, türk dünyasını birləşdirən Orta Dəhliz layihəsinin mühüm həlqəsinə çevriləcək. Artıq bu istiqamətdə konkret infrastruktur layihələri – dəmir yolları, avtomobil yolları, hava limanları – reallığa çevrilməkdədir. Füzuli və Zəngilan hava limanlarının açılışında hər iki dövlət başçısının iştirakı bu əməkdaşlığın miqyasını və prioritetlərini bir daha nümayiş etdirdi. Digər tərəfdən, Şuşa Bəyannaməsi işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında da Türkiyə-Azərbaycan əməkdaşlığını yeni mərhələyə daşıdı. Hazırda onlarla türk şirkəti Qarabağ və Şərqi Zəngəzurda tikinti, infrastruktura nəzarət və şəhərsalma layihələrini həyata keçirir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi inamın, strateji güvənin göstəricisidir.
Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Azərbaycan-Türkiyə orduları arasında qarşılıqlı fəaliyyətin yeni səviyyəyə çatmasına da yol açdı. Birgə hərbi təlimlər, silah və texnologiya mübadiləsi, zabit mübadiləsi və təlim proqramları bu əməkdaşlığın praktik nəticələrindəndir. Qardaş Türkiyə Azərbaycan Ordusunun NATO standartlarına uyğun şəkildə inkişafında mühüm rol oynayır. Bu gün Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasında bir sənəd deyil, eyni zamanda türk dünyasının birliyi və inteqrasiyası istiqamətində strateji platforma kimi çıxış edir. Bu sənədin ruhu Türk Dövlətləri Təşkilatının güclənməsinə, ümumtürk məkanında birgə layihələrin həyata keçirilməsinə də güclü təkan verir. Qarabağ Zəfərindən sonra formalaşan yeni regional düzən artıq Azərbaycan və Türkiyənin liderlik mövqeyini daha da möhkəmləndirir.
Bu gün əminliklə demək olar ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi, siyasi və mənəvi əsaslarını möhkəmləndirməklə yanaşı, regionun təhlükəsizlik memarlığının və iqtisadi gələcəyinin əsas sütunlarından birinə çevrilmişdir.
Samirə Hüseynova