Belə qəribə insanlarıq e. İki gündür maddım-maddım baxıram sosial şəbəkələrə, bu, “uçan taksi” məsələsində iki tirəlik yaranıb. Qəribəsi odur ki, bütün günü özünü oda-közə vur, layihələr üçün pul axtar, kitablar üçün dəstək düşün ortada 3-5 yaxın adamdan başqa səs-səmir çıxaran olmasın, ancaq bir nəfər maşını “havada uçurdur”, adam olur gündəmdə, ailəsi ilə çeşidli müsahibələr, özünə bank hesabı filan açırlar ki, kömək edək. Ay qardaş niyə? Hansı bəşəri əmələ görə? İndi bir oğlanın videosu qarşıma çıxdı. Deyir ki: “Uçan taksi”nin sürücüsünə ayrıca maşın alınacaq və bank borcu ödənəcək…” Axtarsan bu saat o adamdan on dəfə çox borcu olan, kreditin əlində əsir-yesir gününə qalan yüzlərlə adam tapa bilərsən. Nə qədər adam da borcu olduğuna görə intihar edib. Keçən dəfə Ənvər Həsənovun hüzüründən qayıdanda yolumuzun üstündə yas məclisi vardı. Dedilər, 20 yaşlarında bir oğlan borcu olduğuna görə özünü asıb. Belə və buna bənzər onlarla gənc dünyamızı tərk edir. Yardım etmək missiyasını üzərinizə götürürsünüzsə, o zaman bu saleh əməli hər kəsin ünvanına toxundurun. Məsələn, mən taksi uçurda bilmirəm, ancaq mədəniyyətimiz üçün layihələr hazırlayıram. Bu işlərə də normal maddiyyat lazlmdır. Məsələn, üç ildir materalları köçürməyə əlavə hard-disk lazım idi, imkan edib ala bilmirdim. Nəhayət gözlənilən hadisə baş verdi: bir neçə gün öncə bütün materiallara ağır bir virus düşdü. Bütün arxivim silinəcəkdi. Sağolsun Gülnarə xanımın iş yoldaşları bütün verilişləri, arxivi xilas edə bildilər. Təsəvvür edin, illərdir hazırladığın layihələr bir anda yerli-dibli yox olacaqdı. Bu işə görə bir manat da zəhməthaqqı almadılar, ancaq arxivləşdirmə, yeni hard-disk və s məslələr ən azı 300 manata başa gəldi. İndi, “taksi uçurana” maşın alan qardaşa müraciət etmək istəyirəm ki, bizim layihələr o qardaşın layihəsindən heç də lazımsız bir məsələ deyil. 26 aprel, görkəmli aktyorumuz Ənvər Həsənovun 40 mərasimi keçirələcək. Bu münasibətlə onun ömrünün son günləri barəsində bir kitab işləyib bitirmişəm. Dost-tanışa müraciət etdim, çox sağolsunlar, hamısı dəstək oldu, az tirajla, ağ-qara versiyada çap etdirəcəyik, inşallah kitabların böyük əksəriyyətini də 40 mərasimində ödənişsiz hədiyyə etməyi düşünürük. Bu məsələyə görə ancaq yaxın ətrafımda olan insanlar aktiv fəallıq göstərdilər. Ancaq könül istərdi ki, kitabı rəngli versiyada və daha çox tirajla çıxaraq. Məsələn, “taksi uçurana” bank hesabı açan yoldaş heç nə yox, bir 700-800 manat (1000 istəmirəm) əlavə pul təşkil etsəydi, bu iş dediyim formatda olacaqdı. Bəs belə məsələlərdə necə, aktivlik nümayiş etdirməyə varsınız? Sonra bir məsələ də diqqətimi cəlb etdi , həmin şəxsin gəlini hicabda olduğu üçün videoda üzünü gizlədiblər. Deyirlər, “hicab əhli olduğu üçün üzünü göstərmək olmaz.” Bəs, dünən televiziya kanallarında hicablı müsahibə verən kim idi? Nə bilim əşşi, danışırsan, deyirsən, heç nə dəyişmir, düzəlmir ki, düzəlmir. Yaralı sürücüyə də Allah şəfa versin, amma bəziləri yazır ki: “kim bilir nə dərdi vardı? Borcları, krediti varmış filan, ona görə bu hadisə baş verib” deyənlər də çox qəribə adamlardır. Borca, dərdə görə hamı bu vəziyyətə düşsə ölkədən əsər-əlamət qalmaz ki. Hamının dərdi, borcu var da. Vallah, mən dərdimi danışsam dəsmal çıxarıb ağlayarsınız. Ona görə də hər şeyi dərdin üstünə də yükləməyin. Guya borc-xərcə görə əsəbləşib belə hadisə tutanda adam xərcə düşmür? Ən azı orda yol kənarındakı divarlar dağılıb, buna görə dövlətə pul ödəməlisən, daha sonra bir maşın aşıb, iki maşın da elə aşandan betər olub. Qopmuş divarın qalıqları üzərlərinə tökülüb, videodan da göründüyü kimi. Yaxşı, bunlar da xərcdir də. Hə, nəticədə nə baş verdi? Borcun üstünə ikiqat borc, ikiqat dərd yükləndi. Onların xərcini də bu yazıq sürücü qanunla ödəməlidir də. Hələ işini itirmək təhlükəsi məsələsini də bir kənara qoyuram. Bir də ki, ailə üzvləri özləri etiraf edir ki, onun xəstəliyi vardı. Ona görə də hər şeyi borca, dərdə bağlamayın. Elə borcu olanlar var ki, onlara haqsızlıq edirsiniz. Etməyin belə…



















