Elə bir dövrdə yaşayırıq ki, düz yol təkcə istiqamət deyil — həm də sınaqdır.
Həyatın özü bəzən səni sınayır: düz danışsan – susdururlar, səhv etsən – cəzalandırırlar.
Düz yaşamaq istəyirsən, amma sistemin dişləri arasından keçmək asan deyil.
Səhv addım atırsan, qanun sənə “dayan, burda sərhəd var” deyir.
Bu torpaqda düz olmaq bəzən qəhrəmanlıq sayılır.
Çünki düz danışmaq – kimlərinsə saxta rahatlığını pozmaq,
düz yazmaq – kimlərinsə kreslosunun altındakı dayaqları silkələməkdir.
Amma səhv edənlər çox vaxt gülümsəyir: qanun onların yanından “görməzlikdən gəlir”, həyat da “bəlkə düz ediblər” deyə susur.
Bəli, bəzən elə görünür ki, düz gedənlərin qarşısında daşlar, səhv edənlərin ayağının altında xalçalar var.
Həyat ədalətsiz görünür, çünki cəmiyyətin vicdanı yorulub.
Ancaq unuduruq ki, o ədaləti qoruyan bir güc də var — dövlət.
Dövlət təkcə cəza verən orqan deyil.
O, həm də dayaqdır, düz yolda büdrəyənə əl uzadan, səhv edənə isə dərs verən mexanizmdir.
Düz adam üçün dövlət bir qoruma divarıdır – ədalətin bərpa olunduğu yerdir.
Səhv edən üçünsə – xəbərdarlıq, məsuliyyət, düz yola çağırış.
Həyat bəzən sərt olur, amma dövlətin sərtliyi qaydasızlıqdan qorumaq üçündür.
O qanunlar ki, bəzən darıxdırıcı görünür, əslində xaosun qarşısını alan dirəklərdir.
Düz adam bu qanunların kölgəsində daha güvəndədir, çünki bilir – bu sistem onun əleyhinə deyil, əslində onun üçün qurulub.
Dövlət o zaman ucadır ki, vətəndaş özünü tək hiss etmir.
Haqqını tələb edən qorxmur, tənqid edən susmur, vicdanla işləyən cəzalanmır.
Və bu gün belə bir dövlət qurmaq hər birimizin borcudur – həm məmurun, həm jurnalistin, həm də sıravi vətəndaşın.
Həyat bəzən səni sınayacaq.
Düz gedəndə daş atacaq, səhv edəndə xəbərdarlıq gələcək.
Amma bu daşlar, bu xəbərdarlıqlar – əslində dövlətin səni qoruma üsuludur.
Çünki düz yolun sonunda, bütün sınaqlardan keçəndən sonra bir həqiqət qalır:
Düzə getsəm – həyat qoymur, səhvə getsəm – dövlət.
Amma dövlətin niyyəti cəzalandırmaq deyil – düz adamı qorumaqdı.
Və mən bu yolda, bütün çətinliklərə baxmayaraq, yenə də düz gedəcəyəm.
Çünki düz gedənlərin arxasında – həyatın sərtliyi yox, dövlətin dayağı dayanmalıdır.
Vüsal Başaratvi