2026-cı il oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı beynəlxalq münasibətlərdə ədalət, qarşılıqlı hörmət və bərabərliyin vacibliyini bir daha ortaya qoymuşdur.
Dövlət başçısı çıxışında Azərbaycanın ikili standartlara qarşı qətiyyətli mövqeyini vurğulayaraq bildirmişdir ki, cəmiyyətimiz ikili standartları rədd edir. Bu prinsip ölkəmizin müstəqil siyasətinin, milli maraqlarının və beynəlxalq hüquqa əsaslanan mövqeyinin ifadəsidir.
Müasir dünyada dövlətlər arasında münasibətlər beynəlxalq hüququn norma və prinsiplərinə, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında qurulmalıdır. Eyni məsələlərə fərqli yanaşmaların nümayiş etdirilməsi, hüququn siyasi maraqlardan asılı olaraq tətbiq olunması beynəlxalq ədalətə və etimada ciddi zərbə vurur.
Azərbaycan uzun illər ikili standartların və ədalətsiz yanaşmaların təsirləri ilə üzləşmişdir. Buna baxmayaraq, ölkəmiz öz gücü və qətiyyətli siyasəti nəticəsində suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, beynəlxalq münasibətlərdə ədalət, bərabərlik və qarşılıqlı hörmət əsas meyarlar olmalıdır. Azərbaycan bütün dövlətlərin hüquqlarına hörmət edilməsinin, beynəlxalq hüququn ardıcıl tətbiqinin və ikili standartların aradan qaldırılmasının tərəfdarıdır.
Azərbaycanın mövqeyi qətidir: ədalət hamı üçün eyni olmalı, beynəlxalq hüquq siyasi maraqlardan üstün tutulmalı, dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmalıdır.
YAP Şirvan şəhər təşkilatı
məsləhətçi İsrayılov Amil Faiq oğlu



















