1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
Cəmiyyətin həssas təbəqəsi olan uşaqların hər zaman müdafiəyə, diqqət və qayğıya ehtiyacı var. Uşaqlar dünyada baş verən proseslərdən ən çox təsirə məruz qalan əhali qruplarındandır. Onların hüquqlarının qorunması hər bir dövlətin, cəmiyyətin qarşısında duran ümdə öhdəliklərdəndir.
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan, zorakılığa məruz qalmış və digər çətin həyat şəraitində olan uşaqlar xüsusi qayğı ilə əhatə olunmalıdırlar. Bu həssas kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsi xüsusilə diqqətdə saxlanılmalı, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri addımlar atılmalıdır.
Azərbaycan Respublikası BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun ilk iki Fakultativ Protokoluna qoşulmaqla uşaqların müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Bu istiqamətdə ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində milli qanunvericilik və institusional mexanizmlər təkmilləşdirilmiş, uşaqların rifahı yaxşılaşdırılmış, müxtəlif kateqoriyalardan olan uşaqların xidmətlərə əlçatanlığının təmin edilməsində irəliləyişlərə nail olunmuşdur.
Dövlətimiz uşaqların hüquqlarının qorunmasını hər zaman prioritet istiqamət kimi müəyyən etmişdir. Uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasında uşaqların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm müddəalar təsbit edilmişdir. Konstitusiyanın “Ailə, uşaqlar və dövlət” adlı maddəsi uşaq hüquqlarının həyata keçirilməsində ailənin və dövlətin öhdəliklərini ehtiva edir. Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlı bölməsində bərabərlik, yaşamaq, azadlıq, təhsil, sağlamlığın qorunması, şəxsi toxunulmazlıq və digər hüquqlarla bağlı əks olunmuş mühüm müddəalar uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində baza rolunu oynayır.
Uşaqlar barəsində dövlət siyasəti uşaqlara diqqət və qayğının artırılmasına, onların müdafiəsinə, layiqli həyat səviyyəsinin təmininə, hərtərəfli inkişafına yönəlmişdir.
Yeni reallıqlar və çağırışlar nəzərə alınaraq, ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı yanaşmalar davamlı olaraq təkmilləşir, uşaq müdafiə sistemi gücləndirilir. Ölkəmizdə hər bir uşaq üçün bərabər imkanların təmin edilməsi, onların öz potensiallarını tam reallaşdırmaları üçün şəraitin yaradılması uşaqların cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmalarına və gələcəkdə ölkəmizin ümumi inkişafında fəal rol oynamalarına zəmin yaradır.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Dövlət başçısının rəhbərliyi ilə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə mühüm islahatlar aparılmış və hazırda da bu istiqamətdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarda yüksək standartlara uyğun şəkildə təhsil, səhiyyə müəssisələri və digər zəruri infrastruktur obyektləri inşa edilərək istifadəyə verilir, uşaqların sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunan bir mühitdə yaşamasının təmin edilməsi üçün lazımi şərait yaradılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində uşaqların rifahı, hərtərəfli inkişafı, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması əsas prioritetlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezidentin uşaqların sevgi, diqqət və qayğı ilə əhatə olunmasının təmin edilməsi istiqamətində daim irəli sürdüyü təşəbbüslər bütün uşaqların firavan yaşamasına, layiqli vətəndaş kimi formalaşmasına xidmət edir.
Heydər Əliyev Fondu tərəfindən ölkədə müxtəlif sosial layihələr icra edilir, bütün kateqoriyalardan olan uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsi və bərabər imkanlardan istifadə etməsi üçün önəmli addımlar atılır.
Gələcək nəsillər üçün nümunə olan qəhrəman şəhidlərimizin ailələri, övladları, habelə döyüşlərdə sağlamlığını itirmiş şəxslər dövlətin xüsusi qayğısı ilə əhatə olunur. Bu kateqoriyaya aid insanların sosial rifahının yüksəldilməsi məqsədilə mütəmadi olaraq müxtəlif proqramlar icra edilir, davamlı layihələr həyata keçirilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) uşaq hüquqlarının müdafiəsi sahəsində müstəqil monitorinq funksiyalarını həyata keçirən mexanizm olaraq çoxşaxəli fəaliyyət həyata keçirir. Uşaq hüquqlarının müdafiəsi və təşviqi Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən olaraq daim diqqətdə saxlanılır.
“Uşaq hüquqları haqqında” 1998-ci il 19 may tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, ölkədə uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Qanunda bu orqanlar, birliklər və təşkilatların fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmaları əks olunmuşdur. Qeyd olunmalıdır ki, həmin qanunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirməsi təsbit edilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən struktur bölməsi “Uşaq hüquqları haqqında” BMT Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş prinsiplərə və müddəalara əsaslanaraq, uşaqların hüquqlarının qorunması, təşviqi və pozulmuş hüquqlarının bərpası sahəsində kompleks və ardıcıl fəaliyyət həyata keçirir. Struktur bölmə, eyni zamanda, uşaqların mənafelərinin üstün tutulması, onların zorakılıqdan müdafiəsi, iştirak hüququnun təmin edilməsi və digər mühüm istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirməklə uşaq hüquqlarının effektiv müdafiəsinə töhfələr verir.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən dəyişikliklər nəticəsində təsbit olunmuş Müvəkkilin müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə 2024-cü ildə təsisatda “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu yaradılmışdır. Monitorinq Qrupunun fəaliyyəti hazırda təsisatın Uşaq hüquqlarının müdafiəsi sektoru tərəfindən əlaqələndirilərək Müvəkkilin bu sahədə funksiyalarının daha səmərəli formada həyata keçirilməsinə xidmət edir. Bu da BMT-nin Uşaq Hüquqları Komitəsinin ölkənin 5-ci və 6-cı dövri məruzəsi üzrə qəbul etdiyi Yekun Müşahidələrində müstəqil monitorinqlə bağlı verdiyi tövsiyələrin icrası baxımından əhəmiyyətlidir.
Təsisatımıza uşaq hüquqları ilə bağlı daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır, mütəmadi olaraq uşaq müəssisələrində monitorinqlər keçirilir, uşaq hüquqları ilə bağlı maarifləndirmə və təşviqat tədbirləri təşkil olunur, tərəfdaşlarla əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və təmini üçün təşəbbüslər həyata keçirilir. Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə təhlillər aparılaraq qanunvericiliyin və mövcud mexanizmin təkmilləşdirilməsi istiqamətində Ombudsman tərəfindən təkliflər irəli sürülür.
Məlum olduğu kimi, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.
Ombudsmanın illik məruzələrində uşaq hüquqlarının təmini sahəsində vəziyyətin təkmilləşdirilməsi məqsədilə çoxsaylı təkliflər yer almışdır. Eyni zamanda, uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində mütəmadi olaraq aidiyyəti səlahiyyətli orqanlara təkliflər verilir.
Ötən dövrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinə və digər əlaqəli normativ hüquqi akt layihələrinə, habelə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın layihəsinə Ombudsman tərəfindən rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Həmin təkliflərdə müxtəlif kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş, o cümlədən uşaqlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra məsələlər əks olunmuşdur. Bununla yanaşı, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2025-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın və “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihələrinə dair verilən rəy və təkliflər nəzərə alınmışdır.
Ombudsman qəyyumluq və himayə, həmçinin ünsiyyət tələbinə dair məhkəmə qərarlarının icrası zamanı metodların təkmilləşdirilməsi və icra prosesində psixoloqun iştirakının təmin olunması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini təklif etmişdir. Ombudsman tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı müəssisələrdə kadr potensialının təkmilləşdirilməsi məqsədilə təkliflər irəli sürülür. Həmin təkliflər uşaqların sağlamlığına və təhlükəsizliyinə nəzarətin effektiv şəkildə təmin edilməsi baxımından əhəmiyyətlidir.
Müəllim-şagird münasibətlərinin tənzimlənməsində, məktəblərdə psixoloji yardımın təşkilində təkmilləşdirilmənin aparılması uşaqlara qarşı zorakılığın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkə Konstitusiyasında hər bir vətəndaşın dövlət tərəfindən pulsuz icbari ümumi orta təhsil almaq hüququnun təmin edilməsi təsbit edilmişdir. Ombudsman tərəfindən uşaqların təhsildən yayınması, erkən evlilik, məcburi əmək və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.
Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm imkanlar yaratsa da, bu proses, eyni zamanda, uşaqların təhlükəsizliyi üçün müəyyən təhdidlər doğura bilər. Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir.
Qeyd edək ki, ötən il “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “ADA” Universitetinin tərəfdaşlığı, “Nar”ın dəstəyi ilə həyata keçirilmiş “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Ombudsmanın məktəblilərlə görüşü keçirilmiş və müzakirələr aparılmışdır. Bununla yanaşı, layihə çərçivəsində təsisatın əməkdaşları tərəfindən Bakı, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarında uşaqlar və valideynlər üçün keçirilmiş təlimlər bu sahədə məlumatlılığın artırılmasına töhfə vermişdir.
Ombudsman tərəfindən şəxsiyyət vəsiqəsi olmayan 16 yaşına çatmış şəxslərə doğum haqqında təkrar şəhadətnamənin verilməsində mövcud problemlərin aradan qaldırılması məqsədilə bu şəxslərə doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında doğumun qeydə alınmasına dair məlumatların həmin orqana təqdim edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif edilmişdir.
Bununla yanaşı, regionlarda uşaqların xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə Ombudsman tərəfindən təkliflər irəli sürülmüşdür ki, həmin təkliflər uşaqların bərabərlik hüququnun daha effektiv təmini və onların inkişafına xidmət edir.
Ombudsman mütəmadi olaraq həssas kateqoriyadan olan uşaqlarla görüşlər keçirir, onların hüquqlarının təmini ilə maraqlanaraq zəruri tədbirlər həyata keçirir.
Şəhid ailələrinin və övladlarının hüquqlarının müdafiəsi Ombudsmanın fəaliyyətində xüsusi yer tutur. Təsisat tərəfindən şəhid ailələrinin qayğıları diqqətdə saxlanılır, mütəmadi görüşlər təşkil olunur, şəhid övladlarının iştirakı ilə müxtəlif genişmiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin mülki əhali, o cümlədən uşaqlar üçün yaratdığı ciddi risklərə diqqət çəkilərək, bu məsələ ilə bağlı Ombudsman tərəfindən beynəlxalq təşkilatlara bəyanatlar təqdim olunur, əhalinin təhlükəsiz geri qayıdışı üçün zəruri tədbirlərin görülməsi istiqamətində çağırışlar edilir.
Qürurverici haldır ki, Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz qələbə nəticəsində suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmin edilməsi, bu sahədə tədbirlərin keçirilməsinə imkan verir. Ombudsman Aparatı tərəfindən ötən il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə yerləşən təhsil müəssisələrində keçirilmiş maarifləndirici görüşlər şagird və müəllimlərin məlumatlılığının artırılmasına xidmət etmişdir. Keçirilən tədbirlər zamanı Şuşa, Füzuli, Cəbrayıl və Zəngilanda istifadəyə verilmiş təhsil müəssisələrinin yüksək standartlara cavab verdiyi müşahidə edilmişdir.
Ombudsmanın Milli Preventiv Qrupu və Monitorinq Qrupu tərəfindən müəssisələrə həyata keçirilən başçəkmələr, aparılan araşdırmalar zamanı uşaqlarla və müəssisə əməkdaşları ilə görüşlər keçirilir, uşaqların hüquqlarının təmini vəziyyəti öyrənilərək müvafiq tövsiyələr verilir, zəruri tədbirlər görülür.
Uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən, uşaqlarla təmasda olan şəxslərin uşaqların hüquqları barədə məlumatlı olmaları və bu hüquqları təmin etmələri uşaqların qorunması baxımından olduqca əhəmiyyətlidir.
Təhsil, səhiyyə, ədliyyə, sosial xidmət, idman, mədəniyyət, media və digər sahələrdə çalışan şəxslər tərəfindən uşaq hüquqları, uşaqyönümlü yanaşmanın tətbiqinə önəm verilməsi uşaqların təhlükəsizliyi üçün vacib şərtdir.
Ombudsman Aparatı tərəfindən uşaqlara qarşı zorakılıqla mübarizə, rəqəmsal cəmiyyətdə uşaqların qorunması, uşaq əməyinin istismarı, uşaq alverinin, erkən evliliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Maarifləndirmə işinin xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, Müvəkkilin təşəbbüsü ilə 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının qəbul edilməsi günü ilə bağlı 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” keçirilir.
Hər il aylıqlar çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və media nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər görülür.
Müvəkkilin Aparatı və regional mərkəzləri tərəfindən müntəzəm olaraq, o cümlədən bu aylıqlar çərçivəsində uşaqlar və onlarla işləyən şəxslər üçün uşaq hüquqlarının müxtəlif aspektləri üzrə çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilir.
Ombudsman uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığa önəm verir. Təsisatın üzv olduğu Avropa Uşaq Ombudsmanları Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində müntəzəm olaraq bu sahədə təcrübə mübadiləsi aparılır.
Ombudsman uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılır, birgə işlər həyata keçirilir. Həyata keçirilən fəaliyyət zamanı uşaqların mənafelərinin üstünlüyü prinsipi nəzərə alınmaqla heç bir ayrı-seçkiliyə yol vermədən bütün uşaqların hüquqları bərabər şəkildə qorunur və uşaqların iştirakçılığına önəm verilir.
Uşaqların konstitusion hüquq və azadlıqlarının təmin olunması onların gələcək inkişafının və rifahının əsas şərtidir. Bu sahədə atılan bütün addımlar gələcək nəsillərin layiqli həyat səviyyəsini təmin etmək üçün mühüm töhfələr verməklə yanaşı, ümumilikdə humanist dəyərlərə sadiq, sağlam cəmiyyətin formalaşmasına xidmət edir.
Bu baxımdan uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlar, uşaqlarla təmasda olan bütün şəxslər bu hüquqların təmin edilməsi məqsədilə səylərini birləşdirməli və ardıcıl addımlar atmalıdır.
Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),
hüquq üzrə fəlsəfə doktoru