Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Neftçi” Peşəkar Futbol Klubunun aşağı yaş qruplarından olan futbolçuları və məşqçiləri üçün “Uşaq hüquqlarının müdafiəsi və təhlükəsiz idman mühitinin təşviqi” mövzusunda təlim keçirilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək, idman mühitində uşaq hüquqlarının qorunması, məşqçi-uşaq münasibətlərində etik davranış qaydaları, uşaqlar arasında zorakılıq hallarının qarşısının alınması, habelə təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılması istiqamətində geniş məlumat verib.
Eyni zamanda, təlim iştirakçılarına idmanda uşaq hüquqlarının pozulması ehtimalı yarana biləcək real situasiyalar üzrə praktiki nümunələr təqdim olunub, həmin hallarda düzgün reaksiyanın göstərilməsi, məsuliyyətli davranışın formalaşdırılması, futbolda tətbiq olunan “fair-play” prinsiplərinin rolu və mövcud hüquqi müdafiə mexanizmlərinin tətbiqi yolları ətraflı izah edilib.
Sonda uşaqların mövzu ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb və interaktiv müzakirə aparılıb.



















