Bəzən elə olur ki, ölkədə yaşanan absurdluqlar adamı çarəsiz qoyur – gülməli də deyil, ağlamalı da. Son günlər sosial şəbəkələrə düşən iki test sualı isə bu absurdun zirvəsidir. Birində uşağa cinayəti variant kimi seçdirirlər, digərində isə Cavidin pulu naməlum səbəbdən Sərdarın adına keçir. Sanki təhsil sistemi yox, komediya teatrıdır.
“Atam həyətə … doğrayır?” sualının cavab variantlarında “adam” sözünü görmək təkcə səhv yox, açıq psixoloji fəlakətdir. Bir azyaşlının qarşısına belə bir seçim çıxarmaq hansı məntiqin, hansı düşüncənin məhsuludur? Bu testin hazırlanması, təsdiqlənməsi, çapı və məktəblərə göndərilməsi mərhələlərindən keçib gəlib. Deməli, heç bir mərhələdə bir nəfər də olsun “burada nəsə səhvdir” deməyib. Bu isə artıq sistemin özünün psixoloji problemi deməkdir.
Digər şəkil də ondan geri qalmır. Məsələ Cavidin 20 manatı ilə başlayır, baba 10 manat, nənə 5 manat əlavə edir, amma sual qəfil dəyişir: “Sərdarın neçə manat pulu oldu?” Riyaziyyat yox, kriminal araşdırmadır sanki. Cavidin pulu niyə birdən-birə Sərdarın olur, bunu hansı ağıl belə hazırlayıb? Uşağın beyni hesablamaya yox, hadisənin “cinayət tərkibi”nə fokuslanır.
Bu iki təsadüfi şəkil deyil, təhsil sisteminin içindən çıxan real mənzərədir. Dərsliklərin necə hazırladığını, testlərin kim tərəfindən və hansı məsuliyyətlə tərtib olunduğunu göstərən canlı nümunələrdir. Nə redaktor var, nə psixoloq, nə də ən azından mətni bir dəfə oxuyub “burada problem var” deyəcək biri. Bu cür səhvlərlə böyüyən uşağın sabah hər şeyi bir-birinə qatmış məmur olmasına da təəccüblənməmək lazım gəlir.
Görünən odur ki, təhsildə məsuliyyət deyil, plansızlıq, səhlənkarlıq və başıpozuqluq hökm sürür. Uşaq riyaziyyat öyrənəcəyinə, başlayır cinayət variantı seçməyə, ya da Caviddən çıxıb Sərdara gedən pulların izini axtarmağa. Bu testlər sistemin illərdir bişib qalmış xaosunun kiçik bir parçasıdır. Təhsil bu gündədirsə, gələcəyin necə olacağı da bəllidir.
Bu xəmir hələ çox su aparacaq.
Vüsal Başaratvi



















