Azərbaycan xalqının bu yurda bəxş etdiyi saysız -hesabsız qəhrəmanları var. Bu qəhrəmanlar hər zaman tarixin vərəqlərindən boylanıb, könüllərdə yer alıb. Ürəklərdə öz xüsusi yeri olan igidlərimizdən biri də Təhmasib Mehdiyevdir.

O, 1969-cu il oktyabr ayının 4-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində dünyaya göz açmışdır. Sadə, zəhmətkeş bir ailənin övladı da uşaq yaşlarından zəhmətə qatılaşmışdır . Təhmasib ilk orta təhsilini öz kəndlərində alır və məktəbi bitirdikdən sonra Füzuli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yola salınır. Hərbi xidmətdə olduğu müddətdə əsgər yoldaşları ilə birgə hərbi sirlərə dərindən yiyələnir .
Hərbi xidmətini başa vurduqdan sonra Təhmasib kəndlərinə geri dönür və burada öz zəhməti ilə hamının hörmətini qazanır. Onun mərdliyi, dürüstlüyü, səmimiyyəti xalq arasında onu sevdirir.
Qarabağ torpağı üzərindən qara buludlar keçməyə başlayanda Təhmasib də düşmənə qarşı yeni yaradılan batalyon dəstələrindən birinə könüllü olaraq qatılır. Cəbhədə özünə məxsus tüfəngi ilə döyüşməyə başlayır.

Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir. Onun ilk döyüş yolu Veysəlli kəndində “Çartaz çaxır” zavodu deyilən ərazidə keçirilən döyüş əməliyyatları olur. Daha sonralar isə Qaradağlı, Köşbək əməliyyatlarında fəal iştirak edir. Divanalılar, Haça Gədik uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanan Təhmasib Bakı şəhərində yerləşən Papanin hospitalına yerləşdirilir . Daha sonra isə Sabunçu xəstəxanasında müalicəsi davam etdirilir. Müalicə aldığı müddətdə Vətəni öz canından çox sevən igidimiz qolu sarıqlı halda yenidən cəbhə xəttinə döyüşməyə yollanır. Onu bu yoldan heç kim saxlaya bilməzdi. Çünki 1992-ci il 15 avqust 814 saylı batalyon dəstəsinin ən çətin günləri idi. Ölümün gözünə dik baxaraq mübarizə aparan igidlərimiz Təhmasibin gözləri önündə şəhid, qazi olurdular.
Onun son döyüş yolu 1994-cü ildə başda Horadiz olmaqla 22 kəndin azadlığı uğrunda gedən döyüşlər oldu. O,1994-cü ildə Atəşkəs sülh müqaviləsi bağlandıqdan sonra ordudan təxris olunur.
Təhmasib Mehdiyev otuz ildən çox vətən həsrəti ilə yaşayır . O, vətəni hər şeydən öndə tuturdu, çox sevirdi. İkinci Qarabağ döyüşləri başlayır və Təhmasib Mehdiyev də səngərdə döyüşən oğullarımızın yanında olur. Onlara hər zaman yardımlar edir, dəstək olur.
Düşmənə bir an da əyilməyən igidimiz amansız xərçəng xəstəliyinə tutulur və ona yenik düşərək 2 oktyabr 2025-ci ildə dünyasını dəyişir . Otuz ildən sonra işğaldan azad olunmuş, üzərində döyüşdüyü, böyüyüb boya -başa çatdığı doğma Yağlıvənd kəndində dəfn olunub.
Allah rəhmət eləsin.

Yağlıvənd üstündən əsən küləklər
İgid Təhmasibdən dastan deyirdi.
Qürurlu döyüşçü, qorxmaz oğula
Payız küləkləri əl eyləyirdi.
Ömrünün ən gözəl gənclik çağında
Qarabağ torpağı -O, ana yurdun
Sinəsini oğlu kimi qoruyub,
Səngərindən düşmənləri qovurdu.
Güllələr aramsız başının üstdən
Yağsa da vermirdi macal düşmənə.
Vətən torpağının çətin günləri
Onu da salmışdı ağrıya, qəmə.
Doğma obasından uzağa salan
O küskün illər də gəlib sovuşdu.
Millətin taleyi güldü üzünə,
Vətən azadlığa -kama qovuşdu.
Səngərdə bircə an yenik düşmədi,
Vuruşa -vuruşa o, qalib oldu.
Amansız xərçəngin caynaqlarında ,
Günbəgün əridi, gül kimi soldu.
Payız layla çaldı göz yaşlarıyla,
Əlini igidin boynuna saldı.
Qəhərdən boğulan adamlar kimi
Torpaq bir igidi qoynuna aldı.
Atlaz Rzayi


















