Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidi polkovnik-leytenant Sadıqov Rəşad Xanlar oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.
Tədbirdə şəhid polkovnik-leytenanta həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra şəhidin həyat və döyüş yolundan bəhs edən “Xatirələrin işığında: Rəşad Sadıqov” adlı kitab oxuculara təqdim olunub.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hərbi vətənpərvərlik mövzusunda bədii kompozisiyalar təqdim edilib.



















