Bir stəkan çayın buxarıyla başımı isidib dünyanın dərdinə çarə axtarıram. Çay süfrəsində qəzet əvəzinə problemlər açılır. İçimdə bir ümidsizlik dəmlənib, lap zəfəranlı çay kimi — rəngi gözəl, dadı acı.
Oturdum bir küncdə, millət çay içir, bəzisi dərd danışır, digəri wifi soruşur. Kimi çörəyə çata bilmir, kimi instaqramda “çörək bol olsun” statusu atır. Millət iş axtarır, iş yuxuya gedib. Dərman bahadır, amma “çay iç, keçər” hələ də pulsuzdur.
Bir də görürsən biri deyir:
— Çay millətindir, amma dərdlər… onlar isə BMT səviyyəsindədir.
Dedim, lap yaxşı, bəlkə BMT də gələn dəfə sammiti çayxanada keçirsin, həm ucuz olar, həm də limonlu.
Sonra stəkana baxıram: yarısı dolu deyil, yarısı ümumiyyətlə bizlik deyil.
Vüsal Başaratvi