Azərbaycan Ordusunun şərəfli zabiti, döyüş yolu qəhrəmanlıqla dolu olan mayor Məlikov Nasir həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə yadda qalan zabitlərimizdəndir.
Nasir Məlikov 1972-ci il avqustun 3-də Əlibayramlı (indiki Şirvan) şəhərində dünyaya gəlib. Gənc yaşlarından hərbi peşəyə maraq göstərən Nasir 1986–1989-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin kadr hazırlığında xüsusi yer tutan Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. Oradakı hərbi-intizam mühiti, vətənpərvərlik dərsləri onun gələcək həyat yolunu müəyyənləşdirdi.Sonra AliKomandirlər Məktəbini bitirib Vətənini sevən gənc zabit kimi Qarabağ döyüşlərinə atıldı…
Təqaüddən cəbhəyə – ikinci çağırışa cavab
Uzun illər Orduda nümunəvi xidmət göstərən Nasir Məlikov hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. Lakin 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində o, yaşından və statusundan asılı olmayaraq silaha sarılaraq döyüşlərə könüllü qatıldı. Bu dəfə o, tabor komandiri kimi ön cəbhədə ağır döyüşlərə rəhbərlik etdi. Döyüşlərin ən qızğın anlarında belə soyuqqanlılığını və əsgərlərinə olan məsuliyyətini qorudu.
Onun rəhbərlik etdiyi tabor uğurlu əməliyyatlara imza ataraq düşmənə ağır zərbələr endirdi. Əsgərlər üçün o, həm komandir, həm də əmi,dayı,ata idi . Mayor Məlikovun “Vətən çağırırsa, yaşın və təqaüdün mənası yoxdur” kəlməsi o günlərin simvoluna çevrilə bilər.
Mayor Nasir Məlikov həm Birinci Qarabağ, həm də Vətən müharibəsində göstərdiyi igidliyə görə müxtəlif dövlət medal və təltifləri ilə təltif olunmuşdur.
Redaksiyamız adından cənab mayorun doğum gününü təbrik edir,ona sağlam və uzun ömür arzulayırıq…
Zaur Talıblı
