Laçın mənim üçün yalnız xəritədə adı yazılan bir bölgə deyil. Laçın mənim ata yurdumdu – mənim görmədiyim, amma ruhumda daşıdığım, atamın nəfəsi, babamın izi olan müqəddəs torpaq. Hər dəfə Laçının adını eşidəndə sanki içimdə bir sızıltı yaranır: “Görmədiyim yurd necə olur bu qədər doğma?”
Əslən Laçının Mais kəndindənsəmsə də, illərlə o yurdu yalnız atamın xatirələrindən tanımışdım. Mais kəndini həyatda bir dəfə də olsun görməmişdim… ta ki o torpağa gedənə qədər. Amma gördüklərim məni sözün əsl mənasında dəhşətə gətirdi. Kəndlər yerlə-yeksan edilmiş, evlər sökülmüş, ocaqlar viran qoyulmuşdu. Ermənilərin illərlə törətdiyi vandalizm Maisi də susqun daşlar və dağıntılar içində buraxmışdı.
Ən ağır mənzərələrdən biri isə qəbiristanlıq idi… Qəbirlərin dağıdılması, mərhumların uyuduğu yerlərin belə tapdalanması bəşəriyyət adına gördüyüm ən böyük faciələrdən biri oldu. Hər sındırılmış qəbir sanki bir nəsil yaddaşına vurulan zərbə idi.
Atamın uşaqlığını keçirdiyi kənd uçuq divarlar arasında qalan bir xatirəyə çevrilmişdi. Babamın evi – ocağımızın beşiyi – dağıntıların içində dayananda sanki zaman dayanır, insanın içində sözlə ifadə olunmayan bir ağrı yaranır.
Laçında keçirdiyimiz o qısa zaman ərzində atam mənə illərlə içində yaşatdığı xatirələri göstərdi. O yerlərə baxanda onun gözlərində həm itirilmiş illərin kədəri vardı, həm də yenidən yurduna qayıdan bir insanın qüruru.
Amma Laçın təkcə hüzndən ibarət deyil. Laçın həm də qayıdışın, dirçəlişin, yenidən doğuluşun adıdır. Illərlə uzaqdan həsrətlə baxdığımız torpaq bugün yenidən nəfəs alır. Bizim yurdumuz yenidən qurulacaq, babalarımızın izləri yenidən canlanacaq.
Bu torpağın bizə qayıtması üçün canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Onların qanı ilə alınan bu torpaq bizim üçün ikiqat qiymətlidir.
Mən Laçını gec gördüm, amma heç vaxt gec sevmədim. Laçın mənim üçün dağıdılmış evlərin deyil, yaşadığımız qürurun adıdır. Bir gün Mais kəndi də, babamın ocağı da yenidən qurulacaq. Çünki Laçın həm yaddaşımız, həm yarımız, həm də qürurumuzdur.
Saila Salahova



















