Son dövrlərdə Şirvanda və digər bölgələrdə əlillik məsələsi ilə bağlı yaranan vəziyyət TƏBİBaiyyətdə ciddi narazılıq doğurur. Bir tərəfdən deyilir ki, asma (bronxial astma və s.) xəstəliklərində dərman təminatı yalnız xəstəxana əsaslı əlillik statusu ilə mümkün olacaq, digər tərəfdən isə qanunvericiliyə görə əlillik meyarlarına düşən şəxslərin əlilliyi təsdiqlənmir. Bu, həm məntiqi, həm də hüquqi baxımdan absurd bir vəziyyətdir.
Vətəndaş belə bir mənzərə ilə üz-üzə qalır: sanki əvvəlcə “dağa çıxarılır”, yəni müxtəlif sənədlər, müayinələr, arayışlarla yüklənir, daha sonra isə “suya salınır” – nəticədə heç bir real dəstək almır. Bu, sadəcə idarəçilikdəki mexaniki anlaşılmazlıq deyil, artıq sistemli bir bürokratik problemə çevrilib.
Aidiyyəti qurumların ikili yanaşması:
TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Reabilitasiya Agentliyi arasında əlillik məsələsində vahid yanaşma mövcud deyil. Bir qurum vətəndaşı müalicə yönündən, digər qurum isə sosial təminat prizmasından qiymətləndirir. Amma nəticədə vətəndaşın sağlamlıq vəziyyəti deyil, qurumların daxili prosedurları əsas götürülür.
Belə çıxır ki, həkimlərin rayon və şəhərlərdə verdiyi diaqnozlara TƏBİB inanmır, onları etibarsız hesab edir. Əgər doğrudan da həkimlərin rəyinə etibar olunmursa, bu, səhiyyə sisteminə olan ümumi etimadı tam sarsıdır. Bu, artıq sadəcə tibbi yox, sosial faciəyə çevrilir.
Müşahidələr göstərir ki, bu qarışıq prosedurların arxasında vətəndaşı yorub əlillik almaq niyyətindən əl çəkməyə vadar etmək dayanır. Qanuni olaraq əlillik meyarına uyğun gələn şəxslərə belə müxtəlif bəhanələrlə status verilməməsi ictimai etirazın əsas səbəbinə çevrilir. İnsanlar haqlı olaraq düşünür ki, dövlət qurumları onları müdafiə etmək əvəzinə, sistemli şəkildə əngəlləyir.
Əlilliyin verilməsindəki bu qeyri-şəffaf yanaşma və bürokratik süründürməçilik vətəndaşlarda dövlətə inamsızlığı artırır. İnsanların hüquqları pozulur, sosial təminatları gecikdirilir və nəticədə yeni etiraz dalğalarının yaranmasına zəmin hazırlanır.
Əgər həkimlərin rəyləri tanınmırsa, əgər qanuni olaraq əlillik hüququ olan vətəndaş statusdan məhrum edilirsə, bu, artıq sadəcə səhv deyil – vətəndaşın hüquqlarının kobud şəkildə tapdanmasıdır. TƏBİB və ƏƏSMN-in tabeliyində olan qurumlar məsuliyyətdən yayınmaq əvəzinə, əlillik məsələsində vahid, şəffaf və ədalətli mexanizm yaratmalı, insanların həyatını bürokratiya ilə kabusa çevirməyi dayandırmalıdır.
Mirsahib Rahiloğlu



















