Bu gün Azərbaycanın igid oğlu, Vətən müharibəsi və antiterror əməliyyatlarında şücaətlə döyüşmüş şəhid kapitan Xəlfəli Sultanovun doğum günüdür. O, 1990-cı ilin 18 iyul tarixində Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində dünyaya göz açmışdı. Bu gün onun anadan olmasının 35 ili tamam olur.
Kapitan Xəlfəli Sultanov Azərbaycan Ordusunda topçu zabit olaraq fəaliyyət göstərib və son olaraq batareya komandiri vəzifəsində çalışırdı. Hərbi sahədə yüksək məsuliyyət və dəqiqlik tələb edən bu vəzifədə o, həm öz əsgərlərinin, həm də ümumilikdə bölmənin təhlükəsizliyi və döyüş qabiliyyəti üçün əlindən gələni əsirgəməyib.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatında kapitan Xəlfəli Sultanov qəhrəmancasına şəhid olub. Onun döyüş yolunda göstərdiyi şücaət və fədakarlıq hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq.
O, sadəcə bir zabit deyildi – o, Vətəninə sədaqəti, əqidəsi və mübarizliyi ilə fərqlənən əsl vətənpərvər, əsgərləri üçün həm komandan, həm də qardaş idi. Onun qəhrəmanlığı bu torpağın azadlığı və suverenliyi naminə göstərilən minlərlə fədakarlığın rəmzidir.
Qəhrəman kapitan Xəlfəli Sultanovun doğum günü münasibətilə onu böyük hörmət və ehtiramla anırıq. Ruhu qarşısında baş əyirik.
Vətən sağ olsun…
Zaur Talıblı