Haqq.az xəbər verir ki,bu gün Prezident İlham Əliyevin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, Laçın şəhəri günüdür.
Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində 64 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsindən sonra dekabrın 1-də erməni silahlı birləşmələri Laçın rayonunu tərk etməli oldu. Beləliklə uzun müddət düşmən əsarətində qalan Laçın işğaldan azad edildi.
Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Laçın rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Əminliklə deyə bilərik ki, qısa müddətdə Laçın bərpa ediləcək və ölkəmizin ən gözəl, çiçəklənən diyarlarından birinə çevriləcək.