O, atasız böyüyüb. Amma atasız böyüyən hər uşaq kimi deyilmiş — çünki onun içində elə bir kişi ruhu var imiş ki, uşaq bədəninə sığmazmış. Lerikin Orand kəndində doğulmuş, dağların sərtliyini, bulaqların şəffaflığını, insanların sədaqətini öz ruhuna hopdurmuşdu.
2001-ci ilin oktyabrı idi — payızın qızıl rəngində, səssiz bir kənddə bir uşaq dünyaya gəlmişdi. Adını İdrət qoymuşdular. Amma el arasında çoxu onu “İbrət” deyə çağırırdı. Elə bil, gələcəkdə adı ilə taleyi birləşəcəkmiş.
Orand kənd məktəbində oxuyurdu — sakit, amma ayıq uşaq idi. 2019-cu ildə məktəbi bitirib hərbi xidmətə yollandı. Hər kəs kimi “gedirəm, qayıdacam” dedi… Amma qayıtmadı. Qayıdan adı oldu, xatirəsi oldu, şəkli oldu.
Vətən müharibəsi başlayanda İdrət artıq ön cəbhədə idi — Tərtər, Suqovuşan, Laçın…
O, döyüşdə qaçmadı, gizlənmədi, əksinə — önə getdi. Çünki bir ata itkisini, bir kəndin qürurunu, bir millətin haqq savaşını içində daşıyırdı.
29 oktyabr 2020-ci ildə — elə həmin savaşın ən qızğın vaxtında — şəhidlik zirvəsinə ucaldı.
Onu kəndinə gətirəndə Lerikin dağları sükuta bürünmüşdü. Hər daş, hər ağac sanki bir anlıq başını aşağı salmışdı. Dəfn günü Orandın hər sakini sanki bir oğlu, bir qardaşı torpağa tapşırırdı.
İdrət Abdulov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olundu. Amma onun üçün ən böyük medal — xalqın yaddaşında yazılan o bir kəlmə idi:
“İbrət oldu…”
İndi Orandda uşaqlar top oynayanda, yaşlılar bulaq başında söhbət edəndə, bir anlıq səssizlik olur. Kiminsə baxışı dağlara tuşlanır. Çünki orada — o dağların o üzündə — bir gəncin xatirəsi yaşayır.
O gənc ki, atasız böyüdü, amma bir millətin atası sayılacaq qədər böyük ruhla getdi.
Vüsal Başaratvi