Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə olunması uzun illər üçüncü prioritet kimi qalırdı. Son illərdə paytaxtda aparılan yenidənqurma və infrastruktur layihələri zamanı yağış sularının düzgün idarə olunması kifayət qədər diqqət mərkəzində olmamış, köhnə drenaj və kollektor sistemləri sökülərək yollar asfaltlanmışdır. Nəticədə leysan yağışları zamanı su yığılmaları küçələrdə, prospektlərdə və tunellərdə ciddi problemlər yaratmış, həm əhalinin rahatlığına, həm də şəhərin infrastrukturuna mənfi təsir göstərmişdir. Bu problemlərin həlli məqsədilə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramının əsas istiqamətləri müzakirə edilmişdir. Dövlət Proqramı şəhərin dayanıqlı içməli su təminatının gücləndirilməsi, yağış sularının idarə olunması, itkilərin minimuma endirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün genişmiqyaslı tədbirləri əhatə edir. Bu proqram həm əhalinin həyat şəraitini yaxşılaşdırmaq, həm də şəhərin infrastruktur təhlükəsizliyini təmin etmək baxımından tarixi əhəmiyyət kəsb edir. Bakı və Abşeron yarımadası ölkənin əhalisinin böyük hissəsini, sənaye mərkəzlərini və strateji obyektləri birləşdirən region olduğundan, burada su təchizatının keyfiyyəti və dayanıqlılığı prioritet məsələdir. Dövlət Proqramı su resurslarının idarə edilməsini sistemləşdirir, mövcud şəbəkələrin yenilənməsini təmin edir, itkilərin azaldılmasına və alternativ su mənbələrinin yaradılmasına imkan verir. Proqram 2035-ci ilə qədər icra olunacaq və maliyyələşməsi həm dövlət büdcəsi, həm də xarici investisiya və kreditlər hesabına həyata keçiriləcək.
Son 20 ildə ölkəmizdə su təchizatı və infrastruktur sahəsində ciddi işlər görülüb. Dörd böyük su anbarı inşa edilmiş, bunların ümumi su tutumu 500 milyon kubmetrdən çoxdur. “Taxtakörpü”, “Şəmkirçay” və “Ceyranbatan” su anbarları sistemin etibarlılığını təmin edir və əhalinin içməli su ilə fasiləsiz təminatına imkan verir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarlarının bərpası və yenidən qurulması davam etdirilir. Bu layihələr yalnız içməli su təminatını deyil, həm də kənd təsərrüfatı üçün suvarma imkanlarını genişləndirir. Dövlət Proqramı çərçivəsində 30-a yaxın yeni su anbarı tikiləcək, su itkilərinin idarə olunması üçün sayğaclaşdırma 100 faizə çatdırılacaq, fasiləsiz su təminatı təmin olunacaq. Proqram eyni zamanda Bakının 30 küçəsində yeni yağış kollektorlarının inşasını, tullantı sularının təmizlənməsini və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. SCADA və IoT sistemlərinin tətbiqi ilə real vaxt rejimində su axını, itkilər və keyfiyyət monitorinq ediləcək. Abşeron yarımadasında su təchizatını daha dayanıqlı etmək üçün ilk dəfə ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu texnoloji həll Bakı və Abşerona əlavə su mənbəyi yaradacaq, içməli suyun keyfiyyətini artıracaq və suvarma üçün əlavə imkanlar təmin edəcək. Eyni zamanda, Samur-Abşeron kanalının yenidən inşası və Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin təmiri ilə mövcud su şəbəkəsinin dayanıqlığı gücləndirilir.
Prezident İlham Əliyev müşavirədə vurğulayıb ki, su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının təqribən dörddə biri işğaldan azad edilmiş torpaqlarda formalaşır ki, bu da regiondakı su təhlükəsizliyini möhkəmləndirir. Eyni zamanda, Kür, Araz və Samur çayları kimi transsərhəd su mənbələri ilə əməkdaşlıq və su diplomatiyası ölkənin su təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatının davamlılığını təmin etməklə yanaşı, şəhər və qəsəbələrin infrastrukturunu modernləşdirir, ekoloji təhlükəsizliyi gücləndirir və ölkənin su resurslarının strateji idarə olunmasına xidmət edir. Bu, həm əhalinin həyat keyfiyyətinin artırılması, həm kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi, həm də regionda davamlı inkişafın təmin olunması baxımından önəmli addımdır.
Samirə Hüseynova


















