Müasir Azərbaycanda idmanın inkişafı təkcə idmançıların şəxsi uğurları ilə deyil, dövlət səviyyəsində aparılan ardıcıl və məqsədyönlü siyasətlə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə idman sahəsinə göstərilən davamlı qayğı bu sahəni ölkənin sosial inkişaf modelinin mühüm tərkib hissəsinə çevirib. 2025-ci ilin idman yekunları bir daha sübut etdi ki, bu siyasət real nəticələr verir və Azərbaycan idmanı yeni keyfiyyət mərhələsinə yüksəlib. Cari ildə Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi nəticələr xüsusi diqqət çəkir. Minlərlə medal, yüzlərlə qızıl mükafat ölkəmizin idman potensialının yüksəldiyini nümayiş etdirir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə daha yüksəkdir ki, bu da idman sahəsində aparılan islahatların, maddi-texniki bazanın gücləndirilməsinin və idmançıların peşəkar hazırlığının məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında vurğulamışdır ki, əldə olunan idman nailiyyətləri təsadüfi deyil və bu uğurların əsasında məqsədyönlü dövlət siyasəti dayanır: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir”. Dövlət başçısı qeyd etmişdir ki, nəticələrin ildən-ilə artması idmana göstərilən diqqətin və həyata keçirilən proqramların real göstəricisidir. Əldə olunan nailiyyətlər sübut edir ki, idmanın inkişafına qoyulan investisiya öz bəhrəsini verir. Azərbaycanda idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması infrastruktur sahəsində də aydın şəkildə görünür. Son illər ərzində ölkə üzrə idman obyektləri faktiki olaraq yenidən qurulmuş, regionlarda müasir Olimpiya İdman kompleksləri istifadəyə verilmişdir. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində yeni komplekslərin açılması ilə bölgələrdə bu tip obyektlərin sayı onlarla ölçülür. Bu, regionlarda yaşayan gənclərin idmana cəlb edilməsi, peşəkar idmançıların yetişdirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət siyasətinin əsas hədəflərindən biri sağlam və fiziki cəhətdən möhkəm gənc nəslin formalaşdırılmasıdır. İdman bu prosesdə aparıcı rol oynayır. Uşaqlıq və yeniyetməlik dövründən idmana marağın formalaşdırılması gələcəkdə həm yüksək idman nailiyyətlərinin, həm də sağlam cəmiyyətin əsasını qoyur. Bu baxımdan idman təkcə nəticəyə hesablanan fəaliyyət deyil, uzunmüddətli sosial strategiyanın mühüm alətidir. Azərbaycan idmanının inkişafı eyni zamanda gənclərin mənəvi tərbiyəsi ilə sıx bağlıdır. İdman gənclərdə nizam-intizam, iradə, məsuliyyət hissi formalaşdırmaqla yanaşı, onları vətənə bağlı, milli dəyərlərə hörmət edən şəxsiyyət kimi yetişdirir. Beynəlxalq yarışlarda Azərbaycan Bayrağının dalğalanması, dövlət himninin səsləndirilməsi cəmiyyətdə birlik və qürur hissini gücləndirir. Son illərdə ölkəmizin qazandığı tarixi Qələbə isə idmançılara əlavə mənəvi məsuliyyət yükləyərək onları müzəffər xalqın layiqli nümayəndələrinə çevirib.
2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi olmuşdur. Yarışların bir neçə şəhəri əhatə etməsi, o cümlədən Gəncə və Xankəndidə təşkil olunması ölkəmizin geniş coğrafiyada yüksək səviyyəli idman tədbirləri keçirmək imkanına malik olduğunu göstərdi. Minlərlə xarici qonağın iştirakı ilə baş tutan bu Oyunlar Azərbaycanın beynəlxalq idman aləmində etibarlı tərəfdaş və güclü təşkilatçı kimi mövqeyini möhkəmləndirdi. Eyni zamanda, Bakının qlobal idman mərkəzi kimi mövqeyinin möhkəmlənməsi də diqqətdən kənarda qalmamalıdır. İlk dəfə UFC üzrə beynəlxalq turnirin paytaxtımızda təşkili Azərbaycanın artıq ən populyar və rəqabətli idman növləri üzrə də dünya miqyasında söz sahibi olduğunu göstərdi. Formula 1 yarışlarının davamlı şəkildə keçirilməsi isə ölkəmizin idman, turizm və şəhər infrastrukturunun vəhdətini nümayiş etdirən mühüm amilə çevrilib. Bu yarışlar milyonlarla tamaşaçıya Azərbaycanı tanıdır və ölkənin beynəlxalq imicinə ciddi töhfə verir.
Gələcək dövr üçün planlar da idman siyasətinin davamlı xarakter daşıdığını təsdiqləyir. Qusarda, Şahdağ Xizək Kurortunda Dünya Kuboku səviyyəsində yarışların keçirilməsi Azərbaycanın qış idmanı sahəsində də beynəlxalq təqvimə daxil olmasını təmin edir. Paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur idman tədbirlərinin coğrafiyasını genişləndirir, bu ərazilərin sosial-iqtisadi dirçəlişinə əlavə stimul verir. 2025-ci ildə Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycanda idman sahəsində görülən işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Bu status təkcə prestij deyil, həm də gələcəkdə daha böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün etibarlı zəmin deməkdir.
Beləliklə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirdiyi fikirlər və təqdim olunan faktlar bir daha göstərir ki, Azərbaycanda idman sahəsi təsadüfi uğurlar üzərində deyil, dəqiq hesablanmış və uzunmüddətli dövlət strategiyası əsasında inkişaf edir. İdmanın kütləviliyi, bölgələrdə müasir infrastrukturun yaradılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi, beynəlxalq yarışların uğurla təşkili və idmançıların dövlət tərəfindən yüksək qiymətləndirilməsi vahid siyasətin tərkib hissələridir. Bu yanaşma nəticəsində Azərbaycan təkcə medallar qazanan ölkə kimi deyil, eyni zamanda qlobal idman məkanında etibarlı tərəfdaş, yüksək təşkilatçılıq qabiliyyətinə malik nüfuzlu mərkəz kimi tanınır. Mövcud uğurlar və qarşıya qoyulan hədəflər deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yüksələn xətt üzrə inkişaf edəcək, əldə olunan nailiyyətlər isə ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət göstərəcək.
Samirə Hüseynova



















