Bəlkə də “Durun, çəkməyin ATAMI… Mən onun tarixin bir anın əks etdirən fotosunda yox, yanında böyümək istəyirəm”, -demək istəyib mələk dilində. Amma, kimsə onu anlaya bilməyib… Kim bilir təzəcə bir yaşını qeyd edən Məryəmə mələklər elə atasının da yaxın günlərdə MƏLƏK olacağını demişdi. Amma O… Anlada bilməmişdi… Fotodan üç gün sonra gördüyünüz məsum üzlü qızcığaz, Xalidin qızı Məryəm atasız qaldı. Atası Vətən uğrunda taa Ağdərə dağlarında , düşmən arxasında Vətən yolunda şərəflə canından keçdi,
Xalid Hassan ŞƏHİD oldu…
O, amansız müharibənin bizi məcburi topladığı məcburi köçkün qəsəbəsinin üçüncü şahididir. Leytenant Göyüşov Sərvandan, artilleriyaçı igid Adəmdən sonra Bənövşələr kəşfiyyatçı Xalid Mahmud oğlu Hassanın qara xəbərinə sarsıldı. Qanı ilə vətən torpağını sulayıb orada çiçək olub bitdi, bayraq olub dalğalandı, ŞƏHİD olub şəkillərlə evlərə köçdü…
Bir xatirə…
Düşmən təxribatları günü-gündən coxaldiqdan sonra səfərbərlikdə könüllü qeydiyyata duranların sayı çoxalmışdı. Hamı sənədlə müraciət etsə də gənclər bəzi qəbul kriteriyaları əsasında cağrılırdı. Artıq döyüşlər başlamışdı. Votsapa onun səsli mesajı gəldi. Narahat qaldığım qəsəbədən bir xəbər verə biləcəyi ümidi ilə mesajı açdım. O “…bunlara denən məni də döyüşə aparsın də. Mən hamıdan qabaq müraciət eləmişəm. Hər dəfə zəng edəndə deyirlər cağıracağıq. Qala bilmirəm, “vayenkamatda” tanışın varsa zəng vur tapşır. Ürəyim partlayır axı…” , – demişdi. Bir şirin zarafat da elədim. Tərtər cəbhəsində olduğum halda eşidirdim ki, Nənəsinin bişirdiyi isti yeməkləri şəxsi maşını ilə ən ön xəttə aparıb çatdırır. Hansı ki, həmin yerlərə mərmi yağış kimi yağırdı. Qorxmurdu… Çəkinmirdi… Elə bil ŞƏHİD olmaq üçün gəlmişdi dünyaya.
Və… Bir gün o, döyüşlərə çağrıldı…
Raman Dadashov :
“Təlim mərkəzinə birgə getdik. Poliqonda hərbi bilik və bacarıqları təkrarlamaq üçün yenidən poliqonlarda olduq. Bir gün içimizdən kəşfiyyata döyüşçü seçməyə gələndə o ilk əlini qaldırıb cərgənin önünə çıxanlardan oldu. Əlahiddə kəşfiyyat taborunun tərkibinə gedəcəkdi. Məni yaşımın çox olmağına görə seçmədikləri üçün Xalidə fikrindən daşınmağı dedim. Etmədi… Getdi…”
Orxan Səlifov :
“Xalid mənim “bodim” idi. Sonuncu döyüşə üç gün qalmış ailəsi görüşə gəlmişdi. O, uşağı ilə xeyli oynayıb şəkillər çəkdirdi. Sonra bizə xüsusi tabşırıq gəldi. Tapşırığın icrası üçün Talış istiqamətinə hərəkət elədik. Kəndin yaxınlığındakı meşədə gecələdikdən sonra səhərə yaxın Dəsdəgül istiqamətinə doğru hərəkət edib düşmənin tam arxasına sızdıq. Qüvvələr burada movqeləndi. Mən Xalid gildən altmış metr kənara idim. Qəflətən iki erməni düz Xalid gil gizləndiyi yerə tərəf hərəkət etməyə başladı. Erməninin onları gördüyünü hiss edəndən sonra atəş açaraq onlardan birini öldürüb digərini yaraladılar. Sonra həmin erməni də öldürüldü. Xalidin atdığı erməninin cibindən narkotik və “iPhone” telefon çıxmışdı. Daha sonra düşmən bizi minaatanlardan atəşə tutdu. Təxminən üçüncü mərmi Xalid gilin yanında partladı. Yanlarına çatanda hər ikisi ŞƏHİD olmuşdu… Talışda gecələyəndə o, bərk xəstələnmişdi. Dedim “sən qal, xəstəsən” “olmaz, elə bilərlər qorxub qayıdıram”,-dedi. Hətta hərəkət zamanı iki dəfə yolda qusdu. Hərarəti də varıydı. Buna baxmayaraq geri qayıtmadı”
Təxminən dörd gün əvvəl telefonla danışdıq. Bir neçə şeyin çatışmazlığını dedi. “Sizə generator və cihaz daşı gətirəcəm onda gətirib verəcəm”, – dedim. Onun şəhid olduğu gün mən cəbhənin həmin istiqamətinə yola düşdüm. Nə qədər eləsəm də əlaqə saxlaya bilmədim. Zəng çatmadı. Soruşanda isə… Vətən Sağ olsun, ŞƏHİD olub, – dedilər.
Buz kimi xəbər idi. Şübhələnmişdim, amma özünü qoruyacağına inanırdım. Çünki vaxtı ilə əri olmadığı üçün əri əvəzindən birinci Qarabağ savaşına qatılan nənəsinə bir Saybalı sözü vermişdi. Özü də Saybalı havası udmaq istəyirdi. Amma görünür Qarabağın meşəli, sıldırım qayalı dağlarının gözəlliyi Xalidi daha çox valeh edib. Ki… O, nənəsinə Saybalını versə də özü dönmədi, dağlarda qaldı. Vətənin gözəlliyinə canını verdi. Vətən demişkən, Xalidin atası misirlidir, özü isə Qazaxıstanda doğulub. Amma, Ana vətəni uğrunda döyüşlərə qatıldı. Hətta telefon danışıqlarının birində “Əxi, yeganə ərəbsən ki, bu torpaqların azadlığı uğrunda vuruşursan” , – deyib güldüm. O isə cavabında “Özün bilirsən ki, mən hər şeyi tərsinə edirəm, Allah hidayet eləsin”, – dedi…
Getdi… Şəhid oldu…
Öncə qızı məryəmin sonra özünün ad günü qeyd edildi. Məryəmin ad günündə atası Xalid, Xalidin ad günündə isə elə özü yox idi. Həmişə ad günü olanda zəng edib “yekə kişi olasan” dediyim igid indi Şəhid məzarındakı şəkildən baxır. Bir kəlmə ilə “Doğum günün qutlu olsun YEKƏ KİŞİ, o qədər yekə kişi oldun ki, yanında çox cılız görünürük”, – dedim.
Şəhid Xalid Mahmud oğlu Hassanın əziz xatirəsinə…
Elgün Gəncimsoy