Torpaq xalqın tarixi yaddaşı, milli kimliyi və gələcək nəsillərə ötürülən müqəddəs mirasdır. Əcdadlarımız əsrlər boyu bu torpaqları qorumaq, yaşatmaq və inkişaf etdirmək uğrunda böyük fədakarlıqlar göstərmişlər. Onlar yaxşı bilirdilər ki, torpaq yalnız onu sevən, becərən və müdafiə edən xalq üçün Vətənə çevrilir. Lakin tarix göstərir ki, Azərbaycan xalqı dəfələrlə yadelli qüvvələrin hücumlarına məruz qalmış, torpaqları müxtəlif siyasi oyunların qurbanına çevrilmişdir. Xüsusilə son iki əsrdə erməni millətçilərinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində xalqımıza qarşı ardıcıl şəkildə deportasiya, etnik təmizləmə və soyqırımı aktları törədilmişdir. Xarici havadarların dəstəyi ilə “böyük Ermənistan” ideyasını reallaşdırmağa çalışan qüvvələr azərbaycanlıları öz tarixi yurdlarından sıxışdırıb çıxarmağa, bu ərazilərdə monoetnik mühit yaratmağa cəhd etmişlər. Bu siyasət müxtəlif dövrlərdə qanlı qırğınlar, zorakı köçürmələr və genişmiqyaslı hərbi təcavüzlə müşayiət olunmuşdur.
Bu qanlı faciələrdən ən dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar törədmişlər. 31 Mart soyqırımı bəşəri cinayətdir. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırmışdılar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri hələ də davam etdirildiyi səbəbindən erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb.
Şamaxı və Quba bölgələrində 1918-ci ildə törədilmiş qırğınlar öz miqyasına və qəddarlığına görə xüsusi seçilir. Ekspert rəylərinə və tarixi araşdırmalara əsasən, Şamaxı qəzasında onlarla yaşayış məntəqəsi dağıdılmış, minlərlə dinc sakin amansızlıqla qətlə yetirilmişdir. Fövqəladə İstintaq Komissiyasının materialları həmin dövrdə Şamaxı qəzasındakı kəndlərin böyük əksəriyyətinin hücumlara məruz qaldığını təsdiqləyir. Sonrakı tədqiqatlar və şahid ifadələri isə qurbanların sayının daha yüksək olduğunu, on minlərlə insanın həyatını itirdiyini və minlərlə sakinin doğma yurdlarından didərgin düşdüyünü göstərir. Quba qəzasında baş verən hadisələr də eyni dərəcədə faciəvi olmuşdur. Mənbələrə görə, burada minlərlə insan qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış və minlərlə ev yandırılmışdır. Aparılan tədqiqatlar göstərir ki, qırğınlar zamanı xüsusi qəddarlıq nümayiş etdirilmiş, dinc əhali əsasən küt alətlərlə öldürülmüş, kütləvi məzarlıqlar yaradılmışdır. Ümumilikdə, Şamaxı və Quba hadisələri sübut edir ki, 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar sistemli xarakter daşımış, geniş coğrafiyanı əhatə etmiş və mülki əhaliyə qarşı yönəlmiş ağır bəşəri cinayətlər olmuşdur.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərə ilk dəfə olaraq dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Həmin sənəd Azərbaycanlıların soyqırımına məruz qalması faktını rəsmi şəkildə təsbit etməklə yanaşı, tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm mərhələ olmuşdur. Bu gün 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə hər il dövlət səviyyəsində qeyd edilir, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunur və bu faciənin unudulmaması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Samirə Hüseynova



















