Azərbaycan tarixinə “calaq” edilən o qədər uydurma faktlar var ki, onu araşdırmaq və üzə çıxartmaq çox önəmlidir. Belə uydurma əhvalatlardan biridə Şirvanşan I İbrahimlə Əmir Teymurun görüşü barədədir. İlk öncə qeyd edim ki, Şirvanşahlar dövlətinin 34-cü hökmdarı Şirvanşah I İbrahim
(İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad) tarixin ən bacarıqlı diplomatı və dövlət idarəçiliyində güclü hökmdarlardan biri olub. Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan güclü və müstəqil dövlət olub. O, qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. I Şeyx İbrahim zamanında Dərbənd və mahalı, Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi.
Buna baxmayaraq Şirvan Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd və Şimaldan Şirvan Qızıl Orda xanı Toxtamış tərəfindən təhlükə altına düşə bilərdi. Şirvanşah I İbrahim o dövr üçün ən mühüm qərarı qəbul etməli oldu, Şərqdən-Qərbə qədər böyük gücə və nüfuza malik olan Əmir Teymurla strateji tərəfdaşlıq əlaqəsi yaratdı. Qarabağa, Şirvanşahın ərazisinə daxil olan Dərbənddən keçərək Dəşt-i Qıpçağa, Əmir Teymurun görüşünə gedir. Qeyd edim ki, Əmir Teymur ordugah yeri kimi həmişə Qarabağı seçərdi. Bu bir tərəfdən Qarabağın əlverişli təbii iqlim şəraiti ilə bağlı idisə də, digər tərəfdən də onun Şirvanşaha olan etmadından irəli gəlirdi.
Bizim tarixçilər bu görüş barədə Şərafəddin Əl Yəzdin “Zəfərnamə” əsərinə istnad edirlər. Əsərdə yazılır ki, 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Şeyx İbrahimdən soruşdu: “Qulun biri hanı?” Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: “Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir”.
Bu faktı əlbətddə yazan Əmir Teymurun yanında olan bir əlyazmaçı yazırdı və o Əmir Teymurun güclü və hökümlü olmasını yazmağa məcbur idi. Əslində Şirvan kimi böyük bir dövlətə başçılıq edən I İbrahim əsla özünü qul kimi qələmə verməzdi. Bu hadisəni yozan bizim tarixçilər Şirvanşahın kiminsə qabağında “qul olmasını” önə çəkərək dövlətçilik tariximizə ləkə salmağa cəhd edirlər. Əslində hadisə belə olub.
Əmir Teymur Toxtamışa qarşı çoxtərəfli strateji müharibə aparırdı. Onun Qərbdə, xüsusi ilə İldırım Bəyazidə qarşı apardığı müharibəsində Şirvan xüsusi ilə vacib idi. Olduqca vacib strateji məntəqə olan Dərbənd keçidinə nəzarət edən Şirvanşahlar Teymur üçün əvəzedilməz müttəfiq idi. Teymur Yaxın Şərqdə apardığı müharibələri zamanı Toxtamışın ona arxadan zərbə endirməsi ehtimalı olduqca yüksək idi. Eyni zamanda Teymur Qızıl Ordaya Xəzər dənizinin şərq tərəfindən yürüş edərkən Toxtamış Dərbənd keçidi vasitəsi ilə onun Azərbaycandakı və İrandakı mülklərinə zərbə endirə bilərdi, necəki Təbrizi tutaraq etdi də. Buna görə xüsusi amansızlığı ilə tanınan Teymur Şirvana basqından çəkinirdi. Çünki zəif Şirvan Toxtamışın Dərbənd keçidinə nəzarət etmək niyyətinə qarşı çıxa bilməzdi. Teymurla I İbrahimin ittifaqı bununla bağlı idi. Toxtamışın 90-minlik ordusu isə Teymur üçün təhlükə idi. Bu təhlükənin qarşısın almaq üçün Şirvanşah ona od və su kimi lazımlı idi.
Ona görə Əmir Teymur Bərdədə olanda Şirvanşahla görüşmək üçün ona dəvət göndərir., Şirvanşahın baş vəziri Əbu Yezid buna qarşı çıxaraq I İbrahimə bir müddət dağlara çəkilməyi məsləhət görürsə də, o bunu qəbul etmir və Kür çayı sahillərində Teymurun Bərdə yaxınlığındakı qərargahında onün görüşünə gedir.
Mənbələrin verdiyi məlumatlara görə I İbrahim Teymurun adına xütbə oxutdurur və pul kəsdirdikdən sonra qiymətli hədiyyələrlə Bərdəyə gəlir. Müasirləri yazırdı ki, Şirvanşah monqol ənənəsinə görə ”tokkuz”-doqquz qiymətli hədiyyə gətirir. Bu hədiyyələr içərisində İbrahim, Nizami Gəncəvin “7 gözəl” timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.
Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi.O,Teymurun hakimiyyətindən öz məqsədləri üçün istifadə etdi. Birincisi, O, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.
Şirvanşah I İbrahim əsla Teymura mən sənin qulunam deməyib. Çünki Teymura O lazım idi və Teymura Şirvana hücum etmək sərf etməz idi.
Çox təəssüff ki, VII sinfin Azərbaycan tarixi dərsliyində “Hökmdarın müdrikliyi və yerli hakimin inadlı mübarizəsi” mətnində bu yanlış məlumat şagirdlərin beyninə yeridilir. Bir Azərbaycan Hökmdarını qul kimi təsvir edirlər.
Burada sual oluna bilər ki, bu dövrdə Azərbaycan ərazisində güclü tayfalar var idi, onlar birləşib birlikdə Əmir Teymura qarşı savaşa bilməz idilər?
Çox təəssüff ki, dövrün ən güclü tayfa birliyi və dövlətlərindən biri olan Baharlı (Qaraqoyunlu) ilı Cəlairilər, Sivasda hakimiyyətdə olan Qazi Bürhanəddin bir, Şirvanşahlarla Bayandurlular (Ağqoyunlular) bir mövqedə idi. Bu parçalanma da Azərbaycan dövlət və tayaflarını da birlikdə hərəkət etməsinə mane törədirdi və bundan da Əmir Teymur məharətlə istifadə etdi.
Zaur Aliyev, dosent