Şirvan şəhərində illərdir davam edən ictimai nəqliyyat problemi hələ də həll olunmamış qalır. Ölkənin beş iri şəhərindən biri olmasına baxmayaraq, şəhər müasir və geniş tutumlu avtobuslarla təmin edilmir. Nəticədə həm sürücülər, həm də sərnişinlər ciddi çətinliklərlə üzləşirlər.
Sürücülər yeni avtobuslar almaq istəsələr də, bu prosesi asanlaşdıracaq güzəştlərin və kredit imkanlarının olmaması onları çıxılmaz vəziyyətə salır. Onların sözlərinə görə, hazırkı gəlir səviyyəsi yeni avtobus almağa imkan vermir. Bu isə şəhərdə ictimai nəqliyyat sisteminin inkişafını iflic vəziyyətə salır.
Lakin problem təkcə avtobusların olmaması ilə bitmir. Sürücülərin iş şəraiti də olduqca acınacaqlıdır. Adının açıqlanmasını istəməyən sürücülər bildirir ki, hər ay aidiyyəti qurumlara 30 manat ödəniş etsələr də, onlar üçün heç bir şərait yaradılmır. Məsələn, dayanacaq ərazilərində nə ayaqyolu var, nə də sürücülərin istirahət edə biləcəyi bir yer. Qışda və yayda isə açıq havada növbə gözləməli olurlar. Üstəlik isə ayaqyolu ehtiyaclarını qarşılamaq üçün yol kənarında kolluqlardan istifadə edərək qarşılayırlar ki, buda onların sağlamlığına mənfi təsir göstərir.
Məsələ təkcə etik və sosial problem deyil, həm də qanunvericiliklə tənzimlənməli olan bir haldır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilər üçün təhlükəsiz və rahat iş şəraiti təmin edilməlidir. Həmçinin, ictimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğundur. Lakin reallıqda nə sərnişinlərin rahatlığı düşünülür, nə də sürücülərin şəraitsizliyi nəzərə alınır.
Ümid edirik ki, aidiyyəti qurumlar bu problemlərə biganə qalmayacaq və həm sürücülərin, həm də sərnişinlərin hüquqlarını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görəcək.
Mirsahib Rahiloğlu