Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunda yerləşən Şuşa rayon 24 nömrəli ümumi orta məktəbində və Balakən regional “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Məşqlərin keçirilməsində əsas məqsəd mülki müdafiə planlarının reallığının yoxlanılması, müəssisə kollektivinə fövqəladə hallar zamanı fəaliyyət üzrə vərdişlərin, o cümlədən idarəetmənin təşkili üsullarının, mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması, hesabat xarakterli sənədlərin tərtib edilməsi üzrə biliklərin təkmilləşdirilməsi, mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılmasından ibarət olub.
İki mərhələdə keçirilən məşqlərin nəzəri hissəsində xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisə barədə məlumatlar çatdırılıb, obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib.
Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar müəssisənin kollektivinin təxliyəsi, yanğından mühafizə, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.
Uğurla keçən məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.