Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, piyadavurma hadisələrinin sayının azaldılması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu məqsədlə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir.
Növbəti belə tədbir paytaxtın Sabunçu rayonunda ərazi polis orqanının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə təşkil olunub.
Dövlət Yol Polisi əməkdaşları həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər.



















