Bu gün səhər saatlarında Telegram sosial şəbəkəsində mənə qarşı kiberhücum cəhdi edilib. Naməlum bir profil İran və ərəb dillərində yazılmış adla mənə “Salam” yazdı. Qarşılıq verdikdən sonra həmin şəxs aşağıdakı mesajı göndərdi:
“Mənim adım Murad, mən Umicodanam və sizin üçün part-time işim var. Təlimatlara əməl etsəniz, 5 manatdan 300 manata qədər qazanacaqsınız. Bu tapşırıq cəmi bir dəqiqə çəkir. Onu tamamladıqdan sonra mükafatlandırılacaqsınız. Zəhmət olmasa bəli və ya yox cavab verin. Pul xərcləmək və ya bir şey almaq lazım deyil! ! Sınamaq istəyirsiniz? Tapşırıq asandır! Bəli və ya yox cavabını verin”!
Daha sonra “bəli” cavabını verdikdə, o, müəmmalı bir link göndərərək ora klikləməyimi istədi və belə yazdı:
“Çalışmağa başlaya bilərik. Bu məhsulun üzərindəki ürək işarəsinə klikləyin və mənə ekran görüntüsü göndərin. Satınalma tələb olunmur.”
Bu cür şübhəli mesajlarla qarşılaşan hər kəs diqqətli olmalıdır. Tanımadığınız şəxslər tərəfindən göndərilən linklərə klikləməyin! Kiber dələduzlar sizin cihazınıza birbaşa daxil ola bilmirlər. Onlar yalnız sizin həmin linklərə daxil olmağınızla telefon və ya kompüterinizə müdaxilə edə, bank hesablarınıza və şəxsi məlumatlarınıza giriş əldə edə bilərlər.
Hər kəsi diqqətli olmağa çağırıram! Şübhəli mesajları cavablandırmayın və naməlum linklərə daxil olmayın!
Mirsahib Rahiloğlu