Novruz bayramı yazın gəlişindən xəbər verən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur.
Dünya xalqlarının bu bayramı yüksək səviyyədə və milli bayram kimi keçirilməsinə görə 2009-cu il sentyabr ayının 30-dan Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara halay, bənövşə , cıdır, ənzəli, kos-kosa və bu kimi oyunları aid edə bilərik. Novruz bayramında xüsusi torbalar tikilər, uşaqlar, cavanlar qonum-qonşunun evinə torba sallayardılar. Amma tək torba deyil, qurşaq da keçmişdə bayram payı yığmaq üçün vasitə olub. O zamanlar gənclər belinə qurşaq bağlayıblar. Ona görə, Novruzda həmin qurşağı uzun bir ağacın ucuna torba şəklində bağlayıb, pəncərələrdən, qapılardan evlərə uzadıblar. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının zəminidir. Bu bayrama 4 həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.
Qədim insanlara görə kainat 4 ünsürdən-su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədim zamanlardan qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, üzlərini yuyardılar.
İkincisi-od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş torpağı qızdırır, isindirir, od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayırdılar. Hər ailə üzvünün adına bir şam yandırardılar, xonçalar düzəldilərdi.
Üçüncüsü-yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir ki, onlar da oyansın.
Dördüncüsü-torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə səməni saxla məni, ildə göyərdərəm səni deyib buğda isladardılar ki, ondan səməni göyərsin.
Azərbaycanda bu bayram hər il yüksək təntənə ilə keçirilir. Biz fəxr edirik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Xalqımız əsrlər boyu bu bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.
Amil İsrayılov
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi