Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsi Azərbaycan xalqı və dövlətinin böhran vəziyyətlərində operativ reaksiyasını, məsuliyyətli yanaşmasını və vətəndaşlarının təhlükəsizliyinə verdiyi önəmi bir daha nümayiş etdirdi. Müsahibədə əsasən üç mühüm mövzu diqqət mərkəzində idi: AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra görülmüş təxirəsalınmaz işlər, günahı etiraf etmək və vaxtında üzr istəmək mədəniyyəti, həmçinin qəzanın təfərrüatlarının tam araşdırılması.
Müsahibədə Prezident İlham Əliyev dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat aldığını və dərhal tədbirlər gördüyünü bildirib.
Prezident qeyd edib ki, Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən hadisə barədə məlumatlandırılıb və dərhal təyyarənin Bakıya qayıtması barədə göstəriş verib.
Bakıya qayıtdıqdan sonra hava limanında operativ müşavirə keçirilib və Dövlət Komissiyası yaradılıb.
Müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edilib və təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olub, yerində müşahidələr aparıb, video və fotomateriallar əldə edərək ictimaiyyətə təqdim ediblər.
Prezident İlham Əliyev müsahibədə bildirib ki, pilotlar və bütün ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər.
O, təyyarə qəzası zamanı yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərmiş ekipaj üzvlərini təltif edib. Bu, dövlətin fövqəladə hallarda peşəkar və məsuliyyətli yanaşmasının əyani nümunəsidir.
Prezident İlham Əliyev müsahibəsində məsuliyyət anlayışına xüsusi diqqət çəkərək qeyd etdi ki, hər bir dövlət qurumu və ya təşkilat, baş verən hər hansı bir texniki və ya insan səhvi ilə bağlı günahı qəbul etmək mədəniyyətini nümayiş etdirməlidir. Təyyarə qəzası kimi ciddi hallarda üzrxahlıq və məsuliyyətin qəbul edilməsi yalnız zərərçəkənlərin haqlarına hörmət göstəricisi deyil, eyni zamanda, dövlət idarəetməsində şəffaflıq və insan dəyərlərinə verilən önəmi əks etdirir.
Prezident İlham Əliyev vurğuladı ki, qəzanın başvermə səbəbləri tam və şəffaf şəkildə araşdırılacaq. Dövlət Komissiyasının üzvləri hadisə yerindən toplanan faktları, texniki məlumatları və şahid ifadələrini təhlil edərək nəticələri ictimaiyyətə açıqlayacaqlar. Bu yanaşma dövlətin hesabatlılığı və şəffaflığı təmin etmək istiqamətində göstərdiyi səylərin təzahürüdür.
Araşdırmanın nəticələrinin ədalətli şəkildə ictimaiyyətlə paylaşılacağı, həmçinin gələcəkdə belə hadisələrin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüləcəyi xüsusi vurğulandı.
Prezident İlham Əliyevin müsahibəsi, dövlətin böhran vəziyyətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək, şəffaflıq nümayiş etdirmək və məsuliyyət anlayışını ön plana çəkmək istiqamətində göstərdiyi səyləri bir daha təsdiqlədi. Bu hadisə həm texniki təhlükəsizlik standartlarının yenidən gözdən keçirilməsi, həm də idarəetmədə hesabatlılıq mədəniyyətinin möhkəmləndirilməsi üçün bir nümunə olacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini