Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda “Euronews” televiziyasına verdiyi müsahibə qlobal siyasi reallıqların mahiyyətinə, regional sülh perspektivlərinə və Azərbaycanın beynəlxalq sistemdə artan roluna dair mühüm baxışları ehtiva etdi. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, müasir dövrdə beynəlxalq münasibətlər klassik hüquqi çərçivələrdən kənara çıxaraq yeni, daha sərt qaydalar əsasında formalaşır. Prezident İlham Əliyev beynəlxalq hüququn universallığının ciddi şəkildə sarsıldığını vurğulayaraq qeyd etdi ki, bu gün dünyada baş verən proseslər “güc amilinin” həlledici rol oynadığını açıq şəkildə göstərir. Belə bir şəraitdə Azərbaycan öz siyasətini illüziyalar üzərində deyil, real imkanlar və milli maraqlar üzərində qurub. Dövlətimizin atdığı bütün addımlar, istər siyasi inkişaf xətti, istərsə də suverenliyin və ərazi bütövlüyünün təmin olunması beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Prezidentin fikrincə, məhz bu praqmatik və prinsipial yanaşma Azərbaycanın yeni dünya düzənində mövqeyini gücləndirib.
Müsahibənin diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı dəyərləndirməsi oldu. Dövlət başçısı bu mükafatı Qafqazda uzun illər davam edən qarşıdurmadan sonra sülhə gedən yolun düzgün seçildiyinin beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirdi. Onun sözlərinə görə, Cənubi Qafqaz artıq münaqişə zonasından əməkdaşlıq məkanına çevrilməkdədir və region bir neçə aydır sülh şəraitində yaşayır. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq formalaşan bu sülh mühiti təkcə təhlükəsizlik deyil, eyni zamanda inkişaf üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev Azərbaycan–Ermənistan münasibətlərində baş verən keyfiyyət dəyişikliklərinə xüsusi diqqət yetirdi. Dövlət başçısı bildirdi ki, münasibətlər tədricən qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mərhələsinə daxil olur. Ermənistana yönələn yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması, eləcə də əsas enerji məhsullarının tədarükü regionda etimad mühitinin formalaşmasına xidmət edir. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan sülhü yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla möhkəmləndirir. Regional təhlükəsizlik kontekstində Prezident İlham Əliyev Azərbaycanın daxili sabitliyinin tam təmin olunduğunu bəyan etdi. Onun sözlərinə görə, ölkə daxilində potensial risklər mövcud deyil, mümkün təhlükələr isə əsasən regiondan kənar və ya qonşu ərazilərdəki proseslərlə bağlıdır. Məhz buna görə də Azərbaycan daim ətraf mühitdə sabitliyin qorunmasına xüsusi önəm verir. Dövlət başçısı regionun bəzi ölkələrində müşahidə olunan qeyri-sabitliyin narahatlıq doğurduğunu qeyd edərək vurğuladı ki, sülh və proqnozlaşdırıla bilənlik inkişafın əsas şərtidir.
Enerji məsələləri müsahibədə mühüm yer tutdu. Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas dayağı olduğunu bildirdi. Bu gün region ölkələrinin enerji təminatında Azərbaycan həlledici rol oynayır. Avropa İttifaqı ilə enerji əməkdaşlığının davamlı şəkildə genişlənməsi, 16 ölkəyə təbii qaz ixracı və bu ölkələrin əksəriyyətinin Avropa məkanında yerləşməsi Azərbaycanın qlobal enerji xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir. Müasir boru kəmərləri, nəqliyyat infrastrukturu və etibarlı tərəfdaş imici Azərbaycanı Avropa üçün vacib enerji təminatçısına çevirib.
Dövlət başçısı Avropa Parlamenti ilə bağlı məsələyə də aydın mövqe sərgilədi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan artıq qərəzli və əsassız ittihamlarla müşayiət olunan bəyanatlara reaksiya vermək niyyətində deyil. Bu mövqenin arxasında Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən müəyyən siyasi dairələrin dayandığı vurğulandı. Avropa Komissiyası ilə əməkdaşlığın davam etməsi isə Azərbaycanın konstruktiv dialoqa açıq olduğunu göstərir. Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində güc, məsuliyyət və praqmatizm balansına əsaslanan siyasət yürütməsinin aydın ifadəsi oldu. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan regional sülhün təminatçısı, Avropanın etibarlı enerji tərəfdaşı və qlobal dəyişikliklərə adekvat cavab verən məsuliyyətli dövlətdir.
Samirə Hüseynova



















