Biz, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 22-də yaşayan sakinlər olaraq ciddi narahatlıq keçiririk. Yaşadığımız binanın yaxınlığında yerləşən “Room” adlı gecə klubu hər gecə səhərə qədər səs-küy salaraq istirahət hüququmuzu pozur. Gecələr davam edən yüksək musiqi səsi və klubun ətrafında yaranan səs-küylü mühit bizi gecə saatlarında dincəlmək imkanından məhrum edir. Dəfələrlə klubun rəhbərliyinə bu məsələ ilə bağlı müraciət etsək də, heç bir nəticə əldə etməmişik. Görünür, klub rəhbərliyi bu cür məsuliyyətsiz davranışına görə arxasında dayanan şəxslərə güvənir və sakinlərin haqlı narazılığını nəzərə almır.
Layihəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsində (referendumda) qəbul olunmuş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi” adlanan 24-cü maddəsinə əsasən, “insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, “hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”.
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə uyğun olaraq, “hər kəsin istirahət hüququ vardır”.
Azərbaycan Respublikası Konstitusiyasının “Məsuliyyət” sərlövhəli 80-ci maddəsinə müvafiq olaraq “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur”.
Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” adlanan 521-ci maddəsinə əsasən, “mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə – fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.
Sizdən xahiş edirik ki, bizim yaşadığımız binanın yanında fəaliyyət göstərən “Room” gecə klubu ilə bağlı tədbir görəsiniz.