Mən sonra öyrəndim
Mən elə bilirdim ölmək asanmış,
Yaşamaq çətinmiş tərk etsən məni.
Sənin də mən qədər ürəyin yanar
Bütün varlığınla dərk etsən məni.
Mən sonra öyrəndim qalanların da
Ayağı altından yer qaçmayırmış .
Xəyallar yıxılıb sökülə bilər,
Bir ümid divarı heç uçmayırmış.
Səni şən mahnıtək zümzüməm ilə
Dodağım altından qoy yola salım.
Qorxma, əzməyəcək ayaqlarını,
Qırılan o məsum, körpə xəyalım.
Dünyanın qapısı, pəncərəsi də
Bir danın gözüylə açıla bilir.
Bəlkə də ən gözəl xoşbəxtliklərə
Bir də doğulmaqçün insanlar ölür?
Mən sonra öyrəndim gedənlərin də
Getməyə adamı olur həyatda.
Nə olsun doğmalar ögeyləşirlər ,
Bir gün doğma olur başqa bir yad da
Sevgi məni çağırıb
Necə şirin yatırsan,
Yuxumu aparanım?
Uzağı gətirənim,
Yaxını aparanım?
Bir sabahın xeyiri,
Bir gecənin sağ olu
Ağır gəlməz dilinə.
Qoy mən səni incidim,
Ürəyindən yüz fikri
Çağır, gəlməz dilinə.
Sən bu boyda sevgini
Qurban etmə yuxuya.
Belə getmə yuxuya.
Çox günləri gecəyə
Saya -saya gəlmişəm.
Sevgi məni çağırıb
Mən haraya gəlmişəm.
Mən də belə ölərəm.
Hələ neçə kəpənək küsüb gedər İçimdən,Mən belə qocalaram,
Mən də belə ölərəm.
Yaşım üstə yaş gəlib
Kirpiyimdə nəmlənər,
İllərin dostu kimi
Ona baxıb gülərəm,
Mən də belə ölərəm.
Qışın qarlı donundan
Bəyaz kəfən bələrəm.
Saçıma, ürəyimə
Dəni dən -dən bələrəm .
Mən də belə ölərəm.
Ölməyin ki, məktəbi,
Qayda -qanunu yoxdur.
Yolumu ən kəsədən –
Mən payızdan salaram,
Xəzəl olub gələrəm.
Mən də belə ölərəm.
Hiss etməzsən,
Gözlərinin içinə son xatirə qoyaram
Bu sərin gülüşümü,
Özünün yaratdığın
Əsərin gülüşümü.
Bircə özüm bilərəm.
Mən də belə ölərəm.
Atlaz Rzayi



















