Müsahibim Əməkdar artist, Dövlət Pantomima Teatrının sabiq direktoru Elman Rəfiyevdir.
-Elman müəllim, Pantomima Teatrını tamaşaçılara sevdirən şəxs sizsiniz. Hətta xatırlayıram pandemiya dövründə sizinlə təşkil edilən onlayn görüşlərdə izləyicilərin marağını teatr üzərinə yönəltmişdiniz. Teatr mövsümündə də müxtəlif bölgələrdən gələn heyranlarınız həm sizi teatrda görür, həm də tamaşalarınıza baxır, bir sözlə, teatrın varlığından xəbər tuturdu. Bu gün teatrın adının qalmaqalla çəkilməsi sizə necə təsir edir? Zəhmətinizə kölgə düşdüyünü hiss edirsinizmi?
-Çox maraqlı və çoxşaxəli sualdır. Bu gün teatrın adının qalmaqalla çəkilməsi, doğrudan da, çox acınacaqlıdır. İstəməzdim belə olsun. Amma oldu. Mən bu sənətə kinonu sevərək gəlmişəm. Kinoda gördüyüm kadrları evdə parodia edirdim. Diqqət mərkəzində olmağım hamıya xoş gəlirdi. Mən də düşündüm ki, böyüyəndə kino aktyoru olacağam. Universiteti bitirdiyim illərdə Azərbaycanda kino sahəsi durğunluq dövrünü yaşayırdı. Məcburiyyət qarşısında 1991-ci ildən Gənclər Teatrında fəaliyyətə başladım. İki il orada çalışdım, sonra bir il işsiz qaldım. 1994-cü ildən isə Pantomima Teatrında fəaliyyətə başladım. Bu gün Azərbaycan teatrı sürətlə inkişaf edən incəsənət növüdür. Mən deyərdim ki, teatr kinonu da geridə qoyur. Məsələn, qonşu Türkiyə ilə müqayisə aparsaq, onların kinosu bizdən qat-qat güclüdür, amma teatr baxımından bizim teatrımız daha üstündür. Çünki bizim çox güclü teatr aktyorlarımız və rejissorlarımız var. Buna baxmayaraq, bu gün məni çox məyus edən məqam odur ki, həmin o sevimli teatr aktyorlarımız qalmaqallarla gündəmə gəlir, bayağı verilişlərdə görünürlər. Mən bunu qəbul edə bilmirəm. Aktyor gündəmdə qalmaq üçün belə addımlara əl atmamalıdır. Əksinə, belə yollara baş vurmamağı üstün tutmalıdır. Bu mənim şəxsi fikrimdir. Mən istəsəm, hər gün gündəmdə ola bilərəm, hansı kanalı açsanız, mən orada görünə bilərəm. Amma özümə hörmət edən aktyor kimi belə yerlərə getmirəm, sənətimi qoruyub saxlayıram. Teatrla məşğul ola-ola dərk etdim ki, aktyor formada qalmaq istəyirsə, daim işləməli,hərəkətdə olmalıdır. İnsanlar da canlı enerji istəyirlərsə, teatra getməlidirlər. Çünki teatrın verdiyi enerjini kinodan heç vaxt ala bilməzsən. Buna görə də teatr incəsənətin ən dəyərli növlərindən biridir. Teatrla məşğul olan hər kəs həm savadlı, həm də geniş dünyagörüşə malik olmalıdır. Sadəcə “Mən səhnəyə çıxıb tamaşa oynayıram” deməklə aktyor olmaq olmaz. Təəssüf ki, bu gün bəzi teatr aktyorlarının dünya ədəbiyyatından xəbəri yoxdur, amma aktyor olmaq iddiasındadırlar.
-Cavabınızdan belə anladım ki, teatrın adı qalmaqalla gündəmə gəlsə də sizin üçün əsas sənətdir.
-Bəli, mənim üçün əsas sənətdir. Sevil, bu gün Azərbaycanda Pantomima Teatrı deyiləndə Elman Rəfiyev, Pərviz Məmmədrzayev, Qurban Məsimov yada düşür. Çünki bu məşhur üçlük Pantomima Teatrını cəmiyyətə sevdirən insanlardır. Amma bu gün nə Pərviz Məmmədrzayev, nə Elman Rəfiyev, nə də Qurban Məsimov o teatrdadır. Mən də artıq doqquz aydır teatrdan uzaqlaşmışam. Görəsən, Elman Rəfiyevin bu teatrda 37 illik əməyini nəzərə alırlarmı? Mən bu gün 55 yaşımda teatrdan kənarda qalmışam. Bu, mənim üçün acınacaqlıdır. Verilən bu qiymət məni məyus etdi. Amma bir tərəfdən də yaxşı oldu. Bəzi şeyləri dərk etdim. Əvvəllər aforizmlər yazırdım. Sonra dayandırdım, çünki aforizm içdən gəlməlidir. Cəmiyyətə, insanlara, ətrafıma baxanda, hər yerdə eyni hadisələrlə qarşılaşanda belə bir aforizm yazdım:“Bəzi insanlar bataqlıqdır. Ya onun yanında qalıb boğulmalısan, ya da canını qurtarıb “azad” olmalısan.”
-Bu ilin fevralın 6-da istefa ərizəsi yazmısınız, amma yayılan xəbərlərdə qeyd olunur ki, bu addımı özünüz könüllü atmamısınız, əksinə sizi buna məcbur ediblər. Doğrudan da bu belədir?
-Mənim üçün asan qərar olmadı. Çox düşündükdən sonra bu addımı atdım. Ərizəmi yazıb teatrdan çıxandan sonra yuxarıdan təklif gəlmişdi ki, direktor vəzifəsindən ayrılsa da, Pantomima Teatrının yaradıcısı kimi aktyor qismində fəaliyyətini davam etdirsin.
-“Yuxarıdan” dediniz. Mədəniyyət Nazirlikdən söhbət gedir?
-Bəli, Nazirlikdən deyilmişdir. Mən 2000-ci ildən direktor müavini, 2009-ci ildən isə direktor işləmişəm. 25 il vəzifədə olmuşam. Eybi yoxdur, qoy belə olsun. Mən ərizəmi yazıb ayrıldım. Buna baxmayaraq, mənə şərait yaradıldı ki, teatrda aktyor kimi fəaliyyətimi davam etdirim.
-Bəs bu qərara kimlər təsir etdi?
-Teatrda qalan rəhbərlik dedi ki, ümumiyyətlə, bu adam buradan getməlidir.
-Nazirlik deyir ki, Elman Rəfiyev teatrda aktyor kimi fəaliyyət göstərsin, lakin rəhbərlik sərt mövqeyindən əl çəkməyərək sizi teatrdan kənarlaşdırır. Bu necə ola bilər?
-Teatrın bədii rəhbəri açıq şəkildə dedi ki, ya mən, ya da Elman Rəfiyev! Təbii ki, belə vəziyyətdə mən uzaqlaşmalı oldum. Hazırda işsizəm. İşsiz qaldığım bu müddətdə də boş dayanmadım. Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Studiyasında bədii-sənədli filmlərdə üç müxtəlif tarixi şəxsiyyətin obrazını canlandırdım. Hətta Kinoproqram Redaksiyasında Axundov obrazını da oynadım. Hazırda isə “Fatehlərin Divanı” televiziya tamaşasında həm aktyorlar üzrə rejissoram, həm də orada Həmid Sultanov obrazını ifa edirəm. Yəni tamamilə fəaliyyətsiz qalmadım, amma yenə də rəsmi olaraq işsizəm. 55 yaşımda özümü təqaüdçü kimi hiss edirəm. Səhər yuxudan dururam, nəvəmi baxçaya aparıram. Hər gün 9 km piyada gəzirəm. Evə qayıdıb məşqlərimi edirəm. Saat 4-ü səbirsizliklə gözləyirəm ki, nəvəmi baxçadan götürüm. Digər balaca nəvəmi də yanıma salıb baxçaya gedirik. Parkda iki-üç saat onlarla vaxt keçirirəm. Axşama da evə dönürük. Deməli, mən 55 yaşımda artıq sanki təqaüdçü həyatı yaşayıram.
-Gözəl həyatdır.
– Əlbəttə, yaradıcılıqda nəsə etmək əvəzinə bu günlərdə nəvələrimlə vaxt keçirirəm. Yaxşı ki, bu var. Həmişə mən deyirəm ki, bu gün Elman Rəfiyev Allah qarşısında bu vəziyyətlə sınağa çəkilirsə, deməli, səbrlə gözləyib o sınaqdan keçməlidir. Mən də səbrlə gözləyirəm. Çünki haqq-ədalət gec-tez öz yerini tapacaq. Əgər Pantomima deyəndə Elman Rəfiyev yada düşürsə, deməli, Elman Rəfiyev Pantomima üçün bir tarixdir. Bu tarixi isə heç kim silə bilməz. Nə qədər desələr ki, Elman Rəfiyev yoxdur, o orada işləmir. Yenə də Pantomima adı çəkiləndə Elman Rəfiyev yada düşəcək.
-Sizcə, sizi tanıyıb teatra gədən tamaşaçılar indi də teatra getməyə davam edirlər, yoxsa sizin gedişinizdən sonra onlar da uzaqlaşıblar?
-Bir çox tamaşaçılar mənə zəng edərək soruşur: “Sən hələ də oradasan?” Mən də cavab verirəm: “Yox.” Onlar isə deyir: “Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”
-Pantomima Teatrında baş verən yeyinti işi ilə bağlı KİV yayılan rəsmi sənədlərdə sizin adınız keçmir, amma bədii rəhbər və baş mühasibin adı hallanır. Direktor və yaradıcı şəxs kimi bu prosesdə nəyi bilirdiniz, nə edirdiniz və hansı məsuliyyəti daşıyırdınız?
-Əvvəla, bu hadisə baş verməməli idi. Təəssüf ki, mənim rəhbərlik dövrümdə, nəzarətin tam olmaması səbəbindən baş verdi. Mən həm teatrın direktoru, həm aktyoru, həm inzibatçısı, həm də musiqi tərtibatçısı idim – bir sözlə, bütün işlərə mən baxırdım. Biletlərin satışı, tamaşaçı ilə iş, qastrol səfərlərinin təşkili və digər məsələlər məndən aslı idi. Mən tək idim. Hətta müavinim ştatı olsa da yeri boş idi. Həmin ərəfələrdə boşluqdan sui-istifadə edildi və yeyinti halı baş verdi. Buna görə də Nazirlikdən haqlı olaraq şiddətli töhmət aldım. İki ilə yaxın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar getdi. Günahkar şəxslər müəyyən olundu. Bəlli oldu ki, bu yeyintidə mənim heç bir əlim yoxdur. Sadəcə bu iş nəzarətsizliyimdən baş verib. Sadəcə işə nəzarətsizlikdə günahım olduğu üçün şiddətli töhmət verildi. Belə olanda ya işdən çıxmalı idim, ya da şiddətli töhmət verilməli idi.
-Bədii rəhbərin ya “o”, ya da “mən” deməsinin arxasında hansı səbəb dayanır?
-Bu haqda çox danışmaq istəmirəm. Belə deyim, orada bu adamın çox işinə maneə törətdim. Nazirlik tərəfindən yeni mühasib təyin olundu və birlikdə çalışaraq düzgün olmayan məqamları aradan qaldırdıq. Görünür, bu dəyişikliklər xoş qarşılanmadı. Bu səbəbdən kin-küdurət yarandı. Hətta orada qeyd edim,mənim bu işlərdən heç bir xəbərim olmayıb. Gərək xəbərim olardı. Mən mühasib deyiləm, aktyor və direktoram. Mühasibatlıqda baş verən bütün məsələləri mənim bilməyim mümkün deyildi, buna görə də mühasib ştatı mövcud idi. Mən direktor, o isə bədii rəhbər və teatrın yaradıcısı idi. Ona görə də onun sözü keçərli oldu. Bir düşünün, necə oldu ki, hamı getdi oradan. Yəni hamı pis olub teatrdan getdi?
-Aydındır. Elman müəllim, Mədəniyyət Nazirliyi hadisələrə ədalətli reaksiya verdi, yoxsa sizi meydanda tək buraxdı?
-Hazırda meydanda təkəm. Bu aylar ərzində Mədəniyyət Nazirliyinə bir-iki dəfə zəng edib dedim: ”Sizin xəbəriniz varmı ki, mən hazırda heç yerdə işləmirəm? Sizin xəbəriniz varmı ki, mənim yeganə gəlirim cənab Prezidentin mənə verdiyi Əməkdar artist adına görə ayırdığı əvvəllər 150 manat, bir neçə ay əvvəl 200 manat olan təqaüddür? Siz bunu düşünürsünüzmü? Mənim haqqımda yəni heç nə düşünmürsünüz?” Cavab verdilər ki, Mədəniyyət Naziri başda olmaqla bütün əməkdaşlar sənin haqqında yaxşı fikirdədir. Amma hələ də konkret bir addım atılmayıb. Artıq doqquzuncu aya keçir.
-Bu qədər qalmaqaldan sonra sizcə, Pantomima Teatrı əvvəlki nüfuzunu qaytara biləcəkmi?
-Pantomim Teatrı bu gün sadəcə ad kimi qalıb. Çünki artıq teatrın özünün hazırladığı tamaşa repertuarı dəyişib. Mənim orada işlədiyim dövrdə də tamaşaçılar dəfələrlə üsyan edirdi ki, biz Pantomima Teatrına gəlmişik, sözlü teatrda tamaşaya gəlməmişik. Hətta əcnəbi qonaqlar gəlib deyirdi ki, afişada “Pantomima Teatrı”yazılıb, biz də buna görə bilet alıb gəlmişik, amma səhnədə pantomima deyil. Dəfələrlə belə şeylər olub.
-Geriyə dönüb baxanda hansı dərsləri çıxarmısınız? Kaş ki, fərqli qərarlar versəydim, bu hadisələr baş verməzdi deyə düşünmüsünüzmü? -Əlbəttə, bu barədə düşünmüşəm. Bu hadisələrdə mənim də səhvim var. Nəzarətsizliyim və insanlara həddindən artıq inamımın ucbatından məlum hadisələr baş verdi. Hər kəsə inandım. Xüsusilə də bu hadisələr pandemiya dövründə oldu. Hamı evdə idi, heç kim heç nəyi tam izləyə bilmirdi. Bu, mənim üçün böyük dərs oldu və özümü hələ də bağışlaya bilmirəm. Əgər o vaxt daha diqqətli olsaydım, bu hadisələr baş verməzdi. Pantomima Teatrı ilə bağlı gözəl arzularım var idi. Hətta bir verilişdə demişdim ki, əgər Pantomima Teatrının dirçəlməsini istəyirsinizsə, bir vaxtlar bu teatra can verən sənətkar aktyorlarımız – Pərviz Məmmədrızayev, Qurban Məsimov, Nicat Kazımov, Azər Şabanov, Leyla Əfəndiyeva, Rövşən İsax, Səyavuş Hüseynli, Əsəd İsmayılov, Rasim Cəfərov, Ruslan İsmayılov, Mikayıl Mikayılov və Ofelya Məmmədova geri dönməlidir. Belə olan halda bəlkə Pantomima Teatrını xilas etmək olar.
-Səkkiz aydır teatırdan ayrı düşmüsünüz. Bu yaradıcılığınıza və motivasiyanıza necə təsir edir? -Ayın 6-ı işdən çıxdım və evə gəldim. Gecə saat 3-4 arası yuxudan ayıldım və beynimə bir fikir gəldi: “Elman sən artıq işsizsən.” O an öz-özümə dedim ki, bu, mənim üçün son deyil. Bayaq qeyd etdiyim aforizmi xatırladım: “Sən azad olmalı, qurtulmalısan.” Bəlkə də Tanrı özü mənim üçün bu yolu açıb.
-Sonda bu müsahibəni oxuyan oxuculara, həmkarlarınıza nə demək istərdiniz?
-Oxuculara demək istərdim ki, həyat bir mübarizə meydanıdır. Doğrudan da qalmaq istəyirsənsə, daim mübarizə aparmalısan. Bir aforizim var. Orada deyir: “Həyat bir velosiped kimidir, balansı saxlamasan yıxılacaqsan.” Onun üçün də düşdüyümüz məqam bizi həyatdan söndürməsin. Belə bir sözüm var: “Çalış hər bir sənətlə sevgi ilə məşğul ol.” Sevdiyin sənətlə sevgi ilə məşğul olmasan sən heç nəyə nail ola bilməyəcəksən. Həmkarlarıma da demək istərdim: “Sənətlə məşğul olun, amma bilin ki, siz də nə vaxtsa sənətdən kənar qalanda, siz, heç yada düşməyəcəksiniz.” Əgər bu gün sən gündəmdəsənsə, hər kəs sənin ətrafındadır. Sabah gündəmdə olmayanda sən yaddan çıxırsan, sən unudulursan. Amma mənim bir xoşbəxtliyim ondadır ki, mən sənətdən kənarda qalsam belə Pantomima Teatrın tarixi kimi heç vaxt unudulmayacam. Pantomima deyəndə Elman Rəfiyev xatırlanacaq.
-Unudulmaqla bağlı fikirlərinizə qatılmıram. Əsl tamaşaçı sənətçisini unutmur. -Bilirəm, bu gün küçəyə çıxanda insanlar məni hələ də Pantomim kimi tanıyır. İstəsələr də, istəməsələr də, bunu heç kimin yaddaşından silmək mümkün deyil. Elman Rəfiyevi avtobusda, metroda və ya harada görsələr, deyəcəklər: “Bu Pontomimdir.” Bu sima, bu üz mənəm və yaddaşlarda belə qalacaq. Yaddaşdan silmək üçün illər, bəlkə də əsrlər lazımdır. Teatr və kino ensiklopediyasında adı düşmüş aktyoram. Cənab Prezident əməyimə görə Əməkdar artist adına layiq görüb. Eləcə də 50-60 dan çox xarici ölkələrdə Azərbaycan incəsənətini layiqincə tərənnüm etdiyim üçün 2019-ci ildə yeni mənzillə təmin olundum. Bu, sənətimə verilən ən böyük dəyərdir. Bu dəyəri zəhmətim, əziyyətim, teatr və kinoya olan sevgimlə qazandım. Əgər bir işlə məşğul oluramsa, onu həmişə sevərək edirəm.
Sevil Akifqızı