Atlaz Rzayi Salyanın Yenikənd yaşayş məntəqəsində anadan olub.
Atlaz yaxşı qiraətçidir, öz şeirlərini məharətlə səsləndirir. Çoxlu şeirinə musiqi bəstələnib. Atlazı həmkarlarına və oxucularına sevdirən çağdaş poeziya nümunələrini öz ifasında internet səhifələrində yayımlamasıdır. Gənc xanım şairin “Atlaz sətirlər” adlı ilk poetik toplusu “Gənclik” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru və korrektoru Sevil Gül Nur, ön sözünün müəllifi Gün Ay Ümiddir.
Fırtına qoynunda
sevginin ətəyindən
yapışmaq da hünərdi.
çarpışmaq da hünərdi.
Qəhrəman əsgər kimi
nifrətimlə döyüşdüm
ən sonuncu görüşdə.
Özümə qalib gəldim,
ürəyimi dəyişdim.
o sonuncu döyüşdə
Gedən çox şey öyrədir
arxada qalanlara…
Şeirə bu cür təlatümlü, üsyankar fikirlərlə gələn Atlaz xanımın qınaqları da sərtdir. “İnsafsız” şeiri iddialar və ittihamlar üzərində qurulub:
Yaman insafsızsan,
mənə bir iynənin ucu qədər
ümid vermədin
sənə gələn o qaranlıq yollarıma şam olsun.
Qoymadın ki, öz ömrümü yaşayım,
mənimçün də gündüz olsun,
axşam olsun.
Əvvəllər hansı üzlə
insafına and içmişəm?
Səni kimim bilmişəm?
Hələ sənə “sevgim” deyə ad seçmişəm.
Yerdə yeriməyə ayağımı qırarkən
mən kor olmuş
səni uçmağa qanad seçmişəm.
Sevgi yelləncək kimi…
mən də uşaq,
əyləncə kimi
alıb göyə
çırpdı yerə.
Sevən ürək qanadı.
ürkək-ürkək qanadı.
Sənin könül pəncərəndən
qara pərdə asılıb
O pərdələr indi mənə dərd olub,
mənim gözəl arzularım
həmin dərdə asılıb.
Atlaz xanımın şeirlərindəki sərt üzün arxasında həyat acıları, ağrıları durur. Xanım olaraq çiyinlərini verdiyi yükün ağırlığını çəkməkdən çəkinmir, dərdini çəkənlərin qayğısını çəkir. “Biz bir şəhərə sığa bilmədik, bir şeirə sığdıq” deyir, qəmini öz acılarında gizlədir:
Bir ürəyə sığdıq.
Kamına çatmayan arzularımızı
gizlətmək üçün göz yaşına yığdıq.
Gizləndik öz acılarımızda
kimlərisə sevindirməmək üçün
özümüzü şad göstərdik.
Hamının yanında
özümüzü özümüzə yad göstərdik.
Rəngimiz bir heyva misalı,
asıldı payız vaxtı budaqdan.
Yaza çıxa bilmir
əhvalımız o vaxtdan..
Sən demə, hicranın odunda dəmlənən çay imiş bu sevgi… Amma haçansa “əllərinin içindən qızıl günəş doğulur”, həsrəti, hicranı, ağrılı yaşantıları ana sevgisi əvəzləyir. Qadın narahatlığı ana qüruru ilə kədərə-qəmə meydan oxuyur:
Bir ana sevgisinə
sığışıbdı bu aləm,
Bir ana baxışında
yox olur hər dərd-qəm.
Böyük sevgi həyat eşqidir, həyat eşqi bəhrə versin deyə yaşam ruhu yüksək olmalıdır. Adi sözlə ifadə edilməyənlər incə, zərif misralara köklənəndə şeir də “kövrək” olur:
Əllərindən uçmağa
Ruhum kəpənək deyil.
Belə yemə ömrümü
Yağlanmış çörək deyil.
Yolların da uzunu,
Yolların qısası var.
Elə ayağının da
Səndə öz qisası var.
Hara getsən dalınca
Çiyin-çiyin yük verər.
Bir baş hədiyyə vədin
Əvəzinə tük verər.
Taleyim qarğa deyil
Gəlib qonsun çiyninə.
Sevgimi libas etsən,
Böyük olar əyninə.
Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
NDU-nun elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyin üzvü, “Qızıl Qələm” və Beynəlxalq Rəsul Rza mükafatları laureatı.



















